“Mən onları azərbaycanlı saymıram”
24.09.2011 - 23:04
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Əhvalınız necədir?
- Sağ olun, yaxşıdır. Bir az ayağımda problem yaranıb. Dizim ağrıyır, şişib. 40 il əvvəlki zədənin əziyyətini çəkirəm.
- Futbolçu karyeranızı həmin zədə səbəbindən erkən başa vurmuşdunuz...
- Bəli. Dizimdə menisk zədəsi vardı. Moskvada əməliyyat etdirdim. Bildiyiniz kimi, tibb sahəsində indiki imkan və şərait o vaxt yox idi. Nəticədə futbolçu karyeramı 1969-cu ildə, 22 yaşında başa vurdum. Üstündən xeyli vaxt keçəndən sonra köhnə zədəm öz sözünü dedi.
- Həkim müayinəsi nə göstərdi?
- Dizimə yığılan mayeni təmizlədilər. Həkim müalicə, iynə-dərman yazıb.
- Belə çıxır ki, məşqçilər də zədədən əziyyət çəkirlər...
- (gülür) Futbol belədir də. Bilirsiniz, biz özümüzə heç baxmırıq. Mövsüm bitəndən sonra başlayırıq futbolçu axtarmağa. Ancaq əslində, biz də dincəlməyik.
- Cari çempionatımızın oyunlarınızı izləyirsiniz?
- Elə də yox. “Neftçi”nin “Bakı” ilə oyununun sonlarına baxdım. “Neftçi” yaxşı qol vurdu. Bu, Denis Silvanın ustalığının nəticəsi idi.
- Amma “Xəzər Lənkəran”da rəhbərliyiniz altında oynadığı vaxtda Silva belə qol vurmamışdı...
- Başla yox, ancaq ayaqla vurmuşdu. Denis ucaboyludur, standart, künc zərbələri zamanı onu rəqibin cərimə meydanına göndərirdim. Ancaq başla qol vura bilmirdi. Ola bilər ki, topa çatmırdı, yaxud mövqeyi düzgün deyildi. Ancaq bu dəfə yaxşı tullanaraq, topu uzaq küncə göndərdi.
- Maraqlıdır, indiki çempionat sizdə hansı təəssürat oyadıb? Sizin üçün fərqli məqam nədir?
- Açığı, çempionata az baxmışam. Gördüklərimə əsasən onu deyə bilərəm ki, ajiotaj görmürəm. Bunu təkcə mən yox, başqaları da deyir. Məsələn, xəstəxanada gördüyüm azarkeşlər də bu fikirdədirlər. Kombinasiyalı oyun yoxdur, ancaq vur-qabağa oynayırlar.
- Deməli, baxımlı oyunun olmamağından narazısınız?
- Əlbəttə, baxımlı oyun lazımdır. Bu, yoxdursa, nəticə də olmayacaq. Belə deyim var ki, oyun olanda nəticə özü gələcək. Futbolda əsas oyun keyfiyyətidir. Yəni, qapıçı topu meydana daxil edən zaman kim necə açılmalı, hansı mövqedə olduğunu bilməlidir. Komanda öz taktiki savadı ilə rəqibi yormalıdır. Baxımlı, kombinasiyalı oyunu “Qarabağ”da görürəm. Onlar sürəti artıra bilsələr, daha yaxşı oynaya bilərlər. Ancaq hələlik bu planda çatışmazlıq var.
- “Qarabağ”ın futbolçuları Avropa Liqası, yığmanın oyunları ilə çox yükləndiklərindən artıq mövsümün əvvəlində onlarda yorğunluq hiss olunur...
- Ola bilər. Bəlkə oyunlar tez başladıqlarından lazımınca fiziki hazırlıq keçə bilmədiklərindən, indi yorulurlar. Bunun əsas səbəblərindən biri də meydança amilidir. “Qarabağ”ın futbolçuları tez-tez təbii otdan süni örtüyə keçməli olurlar ki, bu da oyunlarına öz təsirini göstərir. Ancaq ən əsası, qazonun səviyyəsidir. Təbii ot örtüyünün yaxşı vəziyyətdə olmamağı “Qarabağ” kimi texnikalı oyuna üstünlük komandalara mənfi təsir göstərir. Yaxşı qazon oyunun 50-60 faizi deməkdir. Niyə İngiltərədə baxımlı oyunu izləmək olur? Çünki qazona xüsusi diqqət yetirirlər. Düzdür, onların futbolçularının hazırlıqları da yüksək səviyyədədir. Ancaq bizdə təbii qazonlar Qəbələdəki meydançalardakı kimi olmalıdır. Belə olmayanda, futbolçularımız daha çox yüklənirlər, qazonunun əziyyətini çəkirlər. Elə çıxır ki, onlar həm rəqiblə, həm də meydanda ilə “vuruşmalı” olurlar.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ünvanına səslənən istefa şüarlarını siz tərəfdən təşkil edildiyi barədə söz-söhbətlər yayıldı...
- Bu haqda eşitsəm də, bunu konkret kimlərin dediyini dəqiq bilmirəm. Onu deyə bilərəm ki, bunu iddia edənlər vicdansızdırlar. Mən onları azərbaycanlı saymıram. Məni tanıyanlar yaxı bilir ki, heç vaxt belə şeylərə getməmişəm. Bu, mənim işim deyil, prinsiplərimə ziddir. Azarkeş komanda zəif oynayanda da baş məşqçinin arxasında durmalıdır.
- Yəni, siz istefa şüarlarının əleyhinəsiniz?
- Bəli. Dəstəyi təkcə udanda etmək lazım deyil. Əsas məsələ komandanın pis vaxtında, uğursuz çıxış edəndə onun arxasında durmaqdır. Axı Qurban Qurbanovun bu 3 ildə “Qarabağ” üçün böyük xidmətlərinin olduğunu, Avroliqada uğurlara imza atdığını unutmaq olmaz. İndi “Qarabağ”a çempionluğu qazanmaq lazımdır. Komanda da buna nail olmağa çalışır. Azarkeşlər də mədəni, savadlı olmalıdır. Axı biz azərbaycanlılar yüksək mədəniyyətə malikik. İndi 3-5 “azarkeş”ə görə sifətimizi itirməməliyik.
- Maraqlıdır, Qurbanovla son vaxtlar görüşünüz olub?
- Azarkeşi öyrədib, baş məşqçini istefaya səsləmək mənlik deyil. İnanmıram ki, Qurbanov azarkeşlərin hərəkəti haqda danışanda, məni nəzərdə tutsun. Biz onunla gözəl münasibətdəyik. Qurban vaxtilə rəhbərliyim altında oynayıb. 2006-cı ildə “Neftçi”dən gedəndə, məni Qurbanov əvəzlədi. Həmin vaxt onunla görüşüb, söhbətləşdik, gənc həmkarıma uğurlar arzuladım.
- Təbii ki, yay fasiləsində təklif gözləyirdiniz. Heç bir təklifiniz olmadı?
- Azərbaycandan yox. Ancaq ölkə kənarından, konkret Rusiyadan 2 təklif olmuşdu. Bunu Moskvada birgə oxuduğum köhnə dostum etmişdi. Onunla tez-tez əlaqə saxlayırıq.
- Sizi keçən yay da Rusiyaya dəvət edən həmin şəxs kimdir?
- Ad çəkmək istəmirəm. O, mənimlə birgə işləmək istədi. Ancaq ailəmə görə gedə bilmədim.
- Təklif I divizion komandasından idi?
- Biri I diviziondan, biri isə Rusiya Premyer Liqasından. Sonuncu köməkçi məşqçi idi.
- Rusiyada köməkçi məşqçi işləməyə razı olardınız?
- Söhbət baş, yoxsa köməkçi məşqçidən getmir. Əsas məsələ xaricdə ölkəni layiqincə təmsil etməkdir. Mən həmkarım Vaqif Sadıqovu alqışlayıram. O, hazırda diqqət mərkəzində olan “Anji” klubunda təmsilçimizdir, baş məşqçi Hacı Hacıyevin köməkçisidir. Mən bu mütəxəssisi yaxşı tanıyıram, onunla birgə çalışmışam, iş üslubuna bələdəm. Hacıyev ağıllı məşqçidir, ondan öyrəniləsi şeylər var.
- Belə çıxır ki, böyük ehtimalla ən azı qış fasiləsinə kimi işsiz qalacaqsınız.
- Bunu dəqiq deyə bilmərəm. Azərbaycan elə bir ölkədir ki, hər saatın, günün öz hökmü var (gülür). Əsas real söhbətdir, istəkdir. Bir şeyə məəttəl qalmışam ki, nəticə verən məşqçilər kənarda qalıblar. Bunu təkcə özümə aid etmirəm. Başım çıxmır: axı niyə belə olmalıdır? Türkiyədə belə şeylərə imkan vermirlər. Eşitdiyimə görə, Fatih Terimə “Qalatasaray”ın baş məşqçisi postuna keçib, onu yuxarılara qaldırmaq haqda yüksək səviyyədə tapşırıq olub. Bu informasiyanın nə dərəcədə düzgün olub-olmadığını deyə bilmərəm. Yerli məşqçilər öz xalqına töhfə vermək istəyir və buna imkan yaradılmalıdır. Öz məşqçilərimiz bir şeyi istəyəndə deyirlər ki, eybi yox, yola verirlər. Ancaq əcnəbi çalışdırıcının hər dediyi, istəyi klub rəhbərləri üçün qanundur. Mən başa düşmürəm, niyə belə olmalıdır? Biz də həmin şeyləri istəyir, tələb edirik. Ancaq niyə özümüzünkülərə qulaq asmırlar, xaricilər nə deyirsə, onu edirlər. Nə isə...
- İndiki vaxtda baş məşqçi postuna dəvət edilsəniz, bunu qəbul edərsiniz? Yəni hazırda “transfer pəncərəsi” bağlı olduğundan, heç kimi ala bilməyib, indiki heyətlə çıxış etməli olacaqsınız...
- Təklif olsa, niyə də yox? 2004-cü ildə “Neftçi”nin baş məşqçi postuna keçdiyim zaman da mövsümün əvvəli, oktyabr ayı idi. Onda komanda turnir cədvəlində 8-9-cu yerdə idi. Həmin vaxt “Neftçi”də oynayan bir sıra futbolçuları – Rəşad Sadıqovu, Zaur Tağızadə, Vidadi Rzayev, Mahmud Qurbanov, Hüseyn Məhəmmədov, Cahangir Həsənzadəni tanıyırdım. Onlarla söhbətim oldum. Futbolçulara dedim ki, “Neftçi”nin bu yerdə olması onlara yaraşmaz, kişi kimi oynamaq lazımdır. Onlar da uduzmağı sevmirdilər. Sağ olsunlar, dediklərimi etdilər, böyük xal fərqini aradan qaldırdıq və sonda “qızıl oyun”da çempionluq qazandıq. Əsas məsələ rəhbərliyin baş məşqçiyə inamıdır. Bu, mənim üçün çox vacibdir. Həmişə prezidentdən ilk növbədə mənə inanıb-inanmadığı soruşmuşam. İnandığını deyəndə, bunu hiss edəndə, ürəklə işləmişəm.
Mehman SÜLEYMANOV
0
0