Əsgər Abdullayev “lyubimçik”ini “Turan”dan qovur
26.09.2011 - 14:52
Əsgər Abdullayev “lyubimçik”ini “Turan”dan qovur
Maliyyə sıxıntıları ilə üzləşən “Turan”da son oyundan sonra baş məşqçi Əsgər Abdullayevin istefası gözlənilən idi. Apasport.az saytının xəbərinə görə, yayda komandanın “sükanı arxası”na gətirilən və doğma meydanda 2 qələbə qazanan məşqçinin komandada saxlanılmasına qərar verilib.

Belə ki, klub prezidenti Musa Süleymanov bu gün baş məşqçi ilə görüşəcək və onun işini davam etdirməsinə çalışacaq. Futbolçulara isə əmək haqları bu gün ödəniləcək.

Ancaq klub rəhbərliyi artıq 2 futbolçunun yola salınması üçün baş məşqçiyə tapşırıq verəcək. Onlardan biri “Rəvan”la oyunda meydana çıxmaqdan imtina edən və adı matçın protokoluna salınmayan Aftandil Hacıyevdir.

Futbolçunun bu addımı prezidenti qane etmədiyindən müdafiəçi ilə yollar ayrılacaq. Yol üstə olan digər oyunçu da elə komandaya yayda dəvət edilib. Söhbət gürcüstanlı legioner Aleksandr Qoqoberişvilidən gedir. Yarımmüdafiəçi etimadı doğrultmadığı üçün Süleymanov ona görə əlavə pul xərcləmək niyyətində deyil.

Qeyd edək ki, Qoqoberişvili ölkəmizdə bundan əvvəl karyerasında “Bakı” və “Olimpik”də Abdullayevin rəhbərliyi altında oynayıb.