“Tələblərim qəbul olunmadığı yerdə çalışmaram” - MÜSAHİBƏ
27.09.2011 - 14:03
“Tələblərim qəbul olunmadığı yerdə çalışmaram” - MÜSAHİBƏ
“Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Qazaxıstanın “Atırau” klubundan ayrıldıqdan sonra bir neçə klubdan dəvət alsanız da, bu barədə konkret danışmırdınız. İndi danışıqlar hansı mərhələdədir?
- Bəli, Qazaxıstandan ayrıldıqdan qısa müddət sonra mənə dəvətlər gəlib. Xüsusən də, İranda çalışmaq ehtimalım mövcuddur. Onlar məni danışıqlara dəvət etsələr də, hələ konkret bir şey yoxdur. Çünki qarşılıqlı tələblər mövcuddur. Mən tələblərim qəbul olunmadığı yerdə çalışmaram. Eyni zamanda, onlar da öz növbəsində istəklərini bildiriblər. Bəzi anlaşmazlıqlar var. Danışıqlarımızı davam etdiririk. Əgər sonluq yaxşı olarsa, tez bir zamanda fəaliyyətimi bərpa edəcəyəm. Dediyim kimi, ortada bir şey olmadığından konkret danışıqlara getmədim.

- “Qəbələ”dən ayrıldıqdan sonra adınız nədənsə yerli klublarla hallanmır. Doğurdanmı, Azərbaycanda sizə maraq yoxdur?
- Belə deməzdim. Yaxın keçmişdə Azərbaycanın da bir klubunu çalışdırmaq imkanım var idi. Son anda danışıqlarımız alınmadı. Hələ ki, gözləmə mövqeyi tutmuşam. Deyərdim ki, İran və Azərbaycan variantında eyni vəziyyət meydana gəldi.

- İşsiz olsanız da, futboldasınız. Premyer Liqada 7 tura nəzərən komandaların vəziyyəti barədə nə deyə bilərsiniz?
- Çempionat oyunlarını izləmək imkanım olur. Bəzən stadionlara gedib, oyunlara baxıram. 7 tura nəzərən onu deyə bilərəm ki, “Xəzər Lənkəran” yaxşı oyun nümayiş etdirir, rumıniyalı baş məşqçi Mirça Rednik yaxşı komanda formalaşdırıb. Fürsətdən istifadə edib, bütün lənkəranlıları təbrik edirəm. Onlar bu qələbələrə layiqdirlər. Əlbəttə ki, arxayınlaşmaq olmaz. “Xəzər Lənkəran” belə davam etsə, çempionluğa əsas namizədlərdəndir. Komanda öz oyunu ilə bunu sübut edir.

- Sizcə, burada baş məşqçinin, yoxsa futbolçuların əməyi daha çoxdur?
- Komanda uğur qazanırsa, deməli, burada işlər düzgün qurulub. Güclü məşqçi odur ki, ortabab futbolçulardan güclü komanda qurur. Komandanın yaxşı futbol oynamasında baş məşqçinin rolu danılmazdır. Amma bəzi komandalar var ki, heyətləri güclü olduğu halda, autsayder kimi çıxış edirlər. Ümumilikdə, çempionatın səviyyəsi aşağıdır. Nəsə boşluqlar nəzərə çarpır.

- Cari mövsümdə ötən illərlə müqayisədə Azərbaycana daha çox legioner gəlib, çoxlu sərmayə yatırılıb. Bəs bunun qarşılığında niyə Azərbaycan çempionatının səviyyəsi artmır?
- Məsələyə bu tərəfdən yanaşmaq düzgün deyil. İndi mən bu barədə danışa bilmərəm. Çünki hamı öz evinin yolunu daha yaxşı tanıyır, öz gəliş-gedişini daha yaxşı bilir. Amma klublarımızın çoxunda canlanma müşahidə olunmaqdadır. Xüsusən də, Mehman Allahverdiyev Gəncədə yaxşı komanda formalaşdırıb. “Kəpəz” artıq zəif komanda kimi qəbul olunmur. “Simurq”un son 2 turdakı oyunu təqdirəlayiqdir. Eyni zamanda, Elxan Abdullayevin rəhbərlik etdiyi AZAL-da pis təsir bağışlamır. Yəni, oyunların aşkar favoritini göstərmək çətindir. Bir az “Turan” və “Sumqayıt Şəhər” zəif təsir bağışlayırlar. “Turan”ın vəziyyəti hamıya məlumdur, debütantın etdiyi isə sırf Azərbaycan futbolunun xeyrinə hesablanmış addımdır. Onlar gənc futbolçulara şans verməklə, düzgün addım atırlar. 15-16 yaşlı futbolçuların bu gün elitada oynamasını şəxsən mən çox yüksək qiymətləndirirəm.

- Yəqin ki, sizi ən çox düşündürən sabiq klubunuz “Qəbələ”nin çıxışıdır. Ümumiyyətlə, komandanın bu oyunu sizi razı salırmı?
- “Qəbələ”də futbola yanaşma tərzi yaxşıdır. Hər halda, bu komandadan nəticə gözləməyə dəyər. Çünki “Qəbələ” ilk 5 turda uduzmadı və yalnız son iki turda məğlubiyyət acısı yaşadı. Yaddan çıxarmaq olmaz ki, bu məğlubiyyətlər son çempion və vitse-çempionla qarşılaşmalarda qeydə alındı. Lakin bu da məğlubiyyətə don geyindirməməlidir. Məğlubiyyətin səbəbləri araşdırılmalı və nəticələr çıxarılmalıdır. Çünki futbolda arxayınçılıq yaxşı şey deyil. Mən “Qəbələ”yə növbəti oyunlarda uğurlar arzulayıram.

- Sizcə, “Qəbələ” bu oyunla medallara iddialıdırmı?
- Mənim vaxtımda çıxış edən futbolçulardan bəziləri indi də bu komandanın uğurları üçün çalışırlar. Deyərdim ki, onlar heyətdə oynamağa layiqdirlər. Toni Adams ötən il Azərbaycanda yeni idi. Bu il isə artıq ikinci mövsümdür Azərbaycan futbolunda fəaliyyət göstərir. Odur ki, ona daha rahat olmalıdır. Fikrimcə, “Qəbələ” kifayət qədər yaxşı futbolçulardan təşkil olunub. Bu komanda əvvəlcə ilk “altılığ”a düşmək, sonra isə medallar uğrunda mübarizə aparmaq üçün çalışacaq. Mən “Qəbələ”yə Azərbaycan çempionatında, eləcə də Avropa meydanlarında uğurlar arzulayıram.