Aqil Nəbiyev: Heç bir il ərzində bu qədər top buraxmamışdıq
27.09.2011 - 23:02
Aqil Nəbiyev: Heç bir il ərzində bu qədər top buraxmamışdıq
“Qarabağ”la oyunda meydana çıxmalı idim. Ancaq zədəm sağalmayıb və hazır deyiləm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.

Son 3 turda uğursuz nəticələr qazanan və cəmi 1 xal toplayan paytaxt təmsilçisinin müdafiə xəttindəki problem baş məşqçini narahat edir. Yığmanın heyətində sentyabrın əvvəlində keçirdiyi rəsmi oyunlarda zədələnən AZAL-ın kapitanı isə “Qarabağ”la matçda komandasına kömək edəcəyini bildirmişdi. Lakin müdafiəçi hələ də yaşıl meydanlardan kənarda qalıb: “Fiziki durumum yaxşı deyil. Düzdür, ağrılarım azalıb. Ancaq oynamağa tam hazır deyiləm. Komandada da vəziyyət ürəkaçan deyil”.

Baş məşqçi Elxan Abdullayevin “Qarabağ”la oyundan sonra “sizin əvəzinizə əvəzedici komandanın oyunçularına şans versəm, daha yaxşı olar” ifadəsinə də münasibət bildirən 29 yaşlı futbolçu çalışdırıcını qınamır: “Onu qınamıram. AZAL hər zaman güclü müdafiə xətti ilə seçilib. Ötən illə müqayisədə heyətdə çoxlu dəyişiklik olmayıb. Ancaq elə bil nəsə çatmır. Komandada sanki ruh yoxdur. Kollektiv oyundan çox şey asılıdır. Heyətdə cəmi 2-3 dəyişiklik edilib, amma çox sayda top buraxırıq. Kollektiv müdafiə olunmağı bacarmalıyıq. Biri var komanda oynayıb uduza, biri də var oynamadan uduzur. Bu çox pis şeydi. Kənardan baxdığım oyunlarda biz oynamadan xallar itiririk”.

Müdafiə xəttindəki problemlərlə razılaşan kapitan son bir ildə bu qədər top buraxmadıqlarını da qeyd edib: “Məşqçinin fikrinə heç kim müdaxilə edə bilməz. Hər oyunda 3 top buraxmaq yaxşı deyil. Heç bir il ərzində bu qədər top buraxmamışdıq”.