Əliyev, Flavinyo və ya İntizam Kodeksinə niyə əməl edilmədi?
27.09.2011 - 23:00
Əliyev, Flavinyo və ya İntizam Kodeksinə niyə əməl edilmədi?
Elvin Əliyevin döyülməsi fonunda Flavinyoya qəsdən xəsarət yetirilməsi bu qədər şişirdilirdisə, bu, baş verəcək olayların axarından xəbər verirdi. PFL, özəlliklə də “Neftçi” rəsmiləri qonaq komandanın, yəni “Bakı”nın futbolçusuna xəsarət yetirilməsindən deyil, nədənsə Flavinyonun Azərbaycanı tərk etmək təhlükəsindən danışır və bunu sanki qlobal problem kimi qələmə verməyə çalışırlar. Halbuki, bu ölkənin futbolu, ölkəmizə pul dalınca gəlmiş Flavinyosuz da varlığını davam etdirəcək. Azərbaycanı futbolsuzluğa sürükləyən addım son dövrlər, xüsusən də son 2 mövsümdə futbolçuların döyülməsidir.

Başlayaq İntizam Komitəsinin Elvin Əliyevin döyülməsinə, konkretləşdirsək, “Bakı”nın imicinə vurulan zərbəyə hüquqi qiymət verməməyinə. PFL prezidentinin şəxsi təşəbbüsü ilə hazırlanan və altında imzası olan İntizam Kodeksinə məhəl qoyulmamağı biabırçılıq deyil, bəs nədi?

Deyək ki, Elvini “Neftçi” rəsmiləri döyməyib (artıq sübuta yetirilib ki, xəsarət yetirən şəxslərdən ən azı biri “Neftçi” rəsmisi olub. Bunu “Neftçi” rəhbərliyinin rəsmi üzrxahlığı təsdiq edir), bəyəm meydan sahibi cəzalandırılmamalı idi? Axı Kodeksdə azarkeşlərdən tutmuş rəqib komandanın futbolçularınadək hər kəsin təhlükəsizliyinə məhz meydan sahibinin təminat verdiyi göstərilib. Bu hal pozularsa, meydan sahiblərinə 6 min manat cərimə və bir neçə oyunluq qarşılaşmalarını azarkeşsiz, yaxud neytral stadionda keçirilmə cəzası nəzərdə tutulub. Hanı həmin cəza?

Qanun hamı üçün alidi və hamıya eyni məsafədədi. Belə olan təqdirdə, niyə “Xəzər Lənkəran” hər matçın ardından yerli-yersiz cərimələnir, “Neftçi”yə bir qəpik cəza kəsilmir? Deməli, çempionatın təşkilatçısı, yəni PFL qərəzli mövqe tutub.

Flavinyoya yetirilən xəsarətə gəlincə, əvvəla, bu oyun epizodudu və onu Əliyevin meydandan kənarda, özü də stadion ərazisində döyülməsi ilə eyniləşdirmək lazım deyil. Digər tərəfdən, hər ayağı qırılan və ya ikili mübarizə zamanı başqa yerindən xəsarət alan futbolçu iddia etməlidi ki, ona qəsdən xəsarət yetirilib? Əlbəttə ki, yox.

Unutmaq lazım deyil ki, ötən mövsümün əvvəlində məhz “Neftçi” ilə oyunda, rəqibin kobud hərəkətinin ardından “Qarabağ”ın futbolçusu Əfran İsmayılov ağır xəsarət nəticəsində 6 ay yaşıl meydançalardan kənarda qalmışdı.

Bunun mənfi fəsadlarını Ağdam təmsilçisinin Avroliqada, millimizin isə AÇ-2012-nin seçmə mərhələ çərçivəsində keçirdiyi oyunlarda açıq-aşkar gördük. Nə “Qarabağ” etiraz etdi, nə də Əfran İsmayılov Azərbaycandan getmək fikrinə düşdü.

İndi isə “Neftçi” Flavinyonun bu istəyə düşməsini faciə kimi qələmə verir və sanki “Bakı”ya qarşı “qara piar” olaraq istifadə etməyə çalışır.

Məsələnin ən ilginc tərəfi isə Əliyevin başına gətirilənlərə göz yuman PFL prezidentinin Flavinyonun xəsarət almasının qabardılmasında “Neftçi”yə dəstək verməsidi. Deyəsən, Elvin düz deyirmiş: “Hanı Ramin Musayevin peşəkarlığı?” Peşəkarlıq bala sevgisi ilə ölçülmür, hörmətli PFL başqanı. Göz yumulan hər bir xoşagəlməz hadisə analoji olayların artmasını və intensivləşməsini labüd edir. Gec-tez hər şeyin şahidi oluruq.