“Çertoqanov Ukraynanın yüksək liqasında da it-bat olmazdı”
28.09.2011 - 15:38
“Çertoqanov Ukraynanın yüksək liqasında da it-bat olmazdı”
“Nikolayev”də çalışdığım dövrü yaxşı xatırlayıram. Həmişə olduğu kimi heyətdəki dəyişikliklər əsasən qış fasiləsində həyata keçirilirdi. Baxışa gəncləri, heç kimə tanınmayan gəncləri də cəlb etmişdik. Kirovoqraddan yaxşı tanıdığım Vladimir Strijevski mənə Dnepropetrovskdən bir neçə gənc oyunçu tövsiyyə etdi. Onlardan da yalnız biri – 18 yaşlı Saşa Çertoqanov qaldı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış ukraynalı mütəxəssis Mixail Kalita deyib.

50 illik yubileyini qeyd edən çalışdırıcı bu ölkədən olan həmkarlarımızın diqqətindən yayınmayıb. Sergey Nazarenko, Andrey Berezovçuk kimi tanınmış ukraynalı futbolçuları yetişdirən Kalita Azərbaycan milli komandasının üzvü Aleksandr Çertoqanovu da ən yaxşı tələbələrindən sayır. O, 31 yaşlı milliləşən legionerimizin böyük futbola ilk qədəmlərini necə qoymasından söz açıb: “Çertoqanovun futbol oynamaq istəyi, hər bir işə bütün canını qoyması diqqəti cəlb edirdi. Biz onda yanılmadıq. Əgər insan Azərbaycan yığmasında oynayırsa deməli karyerası alınıb”.

Kalitanın fikrincə Çertoqanov vətənində də parlaya bilərmiş: “Əgər Saşa Ukrayna yüksək liqasında oynasaydı daha yüksək səviyyəli futbolçu olardımı? Hər şey müqayisədə aydınlaşır. Məncə Aleksandra Ukraynada vaxtında diqqət yetirib ciddi kluba dəvət etsəydilər o burda itib batmazdı”.