“Əgər buna problem deyirlərsə, onlara sözüm yoxdur”
28.09.2011 - 16:55
“Əgər buna problem deyirlərsə, onlara sözüm yoxdur”
“Bakıda olmağımla bağlı deyilənlər yalandır. Bu gündən Tovuzdayam və məşqlərə özüm rəhbərlik edəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Premyer Liqanın VII turu çərçivəsində öz meydanında “Rəvan”a uduzduqları (0:1) oyundan sonra mətbuat konfransında komandadan ayrıldığını açıqlayan Abdullayevin istefası qəbul olunmayıb. Klub prezidenti onun komandada fəaliyyətini davam etdirməsini istəyib. Bu gün komandanın bir yerə yığacağını bildirən mütəxəssis bəzi futbolçuların yola salınacağını da istisna etməyib: “Komanda yığışdıqdan sonra biləcəyəm ki, kimlər var, kimlər yox. Ola bilsin, hazırkı durum bəzi futbolçuları qane etməyib, bunları öyrənəcəm”.

Son vaxtlar əsasən ehtiyatda saxlanılan gürcüstanlı legioner Georgi Beriaşvili ilə baş məşqçi arasında problemlərin olduğu deyilir. Məhz bu səbəbdən Abdullayevin onu qəsdən ehtiyatda saxladığını bildirilirdi. Lakin baş məşqçi deyilənlərin əsassız olduğunu vurğulayıb: “Mənimlə komandada heç kim arasında problem yoxdur. Əgər futbolçu hazır deyilsə, oynamayacaq. Belə problem olmamalıdır. Bunu futbolçular yaxşı bilirlər”.

Turdan-tura bütün futbolçuların meydandakı fəaliyyətinin qiymətləndirilməsinin aparıldığını qeyd edən çalışdırıcı hər kəsin səhvinin özünə deyildiyini bildirib: “Hansı məşqçi yaxşı durumda olan futbolçunu ehtiyatda saxlayar, ona güvənməz? Nəzərə alsaq ki, “Turan”da seçim elə də geniş deyil, onda bunun heç bir əsası yoxdur. Söz-söhbətlər bizi çox yorur. Mənimlə futbolçunun yeganə problemi formada olmamağı ilə bağlıdır. Hər oyundan sonra meydanda olan futbolçuların taktiki-texniki fəaliyyəti analiz edilir. Əgər onun qiyməti 2-dirsə, başqa nə ola bilər? Əgər bunu problem sayırlarsa, onlara sözüm yoxdur”.