Arda Turan yığmamızı xatırladı
28.09.2011 - 17:10
Arda Turan yığmamızı xatırladı
“Almaniya ilə oktyabrın 7-də oynayacağımız görüş bizim üçün çox önəmlidir. Final mərhələsinə çıxmaq iddiasındayıq. Almaniya və Azərbaycanla oyunlardan sonra Avropa çempionatına getməyəcəyimiz düşünülsə də, indidən səfər planlarını hazırlayırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Arda Turan deyib.

Avro-2012-in seçmə mərhələsində oktyabrın 7-də evdə Almaniya, 4 gün sonra millimizlə baş tutacaq oyunlara toxunan 24 yaşlı yarımmüdafiəçisi 1 il öncəyə nəzər salıb. Həmin vaxt da “ay-ulduzlular” oktyabrda Almaniya və Azərbaycanla görüşmüşdü. Fərq ondadır ki, həmin oyunlar səfərdə keçirildi və Arda zədə üzündən Bakıya gələ bilməmişdi.

Turan Almaniya və Azərbaycana məğlubiyyətlərdən sonra kəskin tənqid olunan yığmasına güvənir: “Biz final mərhələsinə çıxmağa çox yaxınıq. İndi birlik, bərabərlik vaxtıdır”.

Qeyd edək ki, Bundestim final mərhələsinə birbaşa qrup qalibi kimi artıq vəsiqə qazandığından, Türkiyə yalnız 2-ci yerə ümid edə bilər. Hazırda bu mövqedə qərarlaşan Qus Hiddinkin çalışdırdığı komanda ən yaxın izləyicisini 1 xal qabaqlayır.