Millimizin Leylası arzusuna çatıb, söz verdi - FOTO
28.09.2011 - 17:23
Millimizin Leylası arzusuna çatıb, söz verdi - FOTO
“Yığmamız təxminən 1 il əvvəl yaradılıb. Bu müddət ərzində çox gərgin məşqlər keçirdik. İndi isə ilk rəsmi oyunumuza çıxacağıq”. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının (U-17) futbolçusu Əminə Heydərova deyib.

Sentyabrın 30-da Bakıda startı veriləcək Avropa çempionatının seçmə mərhələsi öncəsi fikirlərini açıqlayan Heydərova nəticə qazanacaqlarına inanır: “Oyunlar Bakıda keçirildiyi üçün yaxşı nəticə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. Bunu bacaracağımıza inanıram”.

Yığmamızın liderlərindən olan Sevinc Qurbanova oyunlara hazır olduqlarını bildirib: “İstəyirik ki, stadiona çoxlu azarkeş gəlib bizi dəstəkləsin. Biz də oyunumuzla onları sevindirməyə çalışacağıq. Hamımız qələbə haqda düşünürük və inşallah, məqsədimizə çatarıq”.

Millimizin digər üzvü Şəfəq Nəsirova azarkeşlərə müraciət edib: “Oyunlara ciddi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bu bizim ilk rəsmi oyunumuz olacaq. Azarkeşlərin bizi dəstəkləmələrini, kömək olmalarını istəyirik. Onların dəstəyi bizə güc verəcək”.

Yığmamızın milliləşdirilən legioneri Melis Sarıaltın Azərbaycana bağlılığından danışıb: “Azərbaycan yığmasında oynamaqdan qürur duyuram. Əvvəllər də atamla Bakıya gəlmişdik. Atam əslən Azərbaycandandır. Komandada ab-hava çox yaxşıdır. İnşallah, yaxşı nəticələr qazanarıq. Yığmanın heyətində olduğuma görə çox şadam”.

Digər milliləşdirilən legioner - Leyla Solmazın sözlərinə görə, uşaqlıqda arzularından biri də nə vaxtsa yığmamızda oynamaq olub: “Azərbaycanı çox sevdim, bura gəldiyimə görə çox şadam. Biz bir ailə kimiyik. Qızlara çox yaxşı baxırlar. Atam da azərbaycanlıdır. Yığmanın oyunlarını izləyirəm. İnşallah, rəsmi oyunların hamısında qələbə qazanarıq”.

Daha bir milliləşdirilən futbolçumuz - Olya Sioşvili rəqiblərdən çəkinmədiklərini söyləyib: “Rəsmi oyunumuza iki gün qalıb. İnşallah, yaxşı oynayıb, qələbə qazanarıq. Rəqiblərimiz güclü komandalar olsalar da, onlardan çəkinmirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələ edəcəyik”.

Qeyd edək ki, yığmamız oktyabrın 5-ə kimi davam edəcək seçmə mərhələdə Ukrayna, İspaniya və Bosniya və Herseqovinanın U-17-ləri ilə bir qrupa düşüb.

Mənbə: affa.az