Əsgər Abdullayevdən ikinci fint
28.09.2011 - 23:00
Əsgər Abdullayevdən ikinci fint
Ötən turun “Rəvan”la oyunundan sonra “Turan”ın baş məşqçi postundan istefa verib, tezliklə vəzifəsinə qayıdan Əsgər Abdullayevin müəmmalı addımlarının sirri açılır. Apasport.az saytının məlumatına görə, futbolçu olduğu vaxtlar müdafiədə hücumçuların driblinqləri ilə qarşılaşan 51 yaşlı mütəxəssis indi özü driblinqvari manevr edib.

Belə ki, autsayderlər qrupunda yer alanların qarşılaşmasında, özü də çılğın Tovuz publikası önündə məğlubiyyətdən sonra Abdullayev ciddi tənqidlərə məruz qalmaqdan çəkinib.

Bu üzdən də media qarşısında özünü istefa verib, klubdakı durumdan bezmiş kimi göstərib. Bu cür düşünülmüş manevr edən çalışdırıcı mətbuat konfransında “Sağ olun, mən getdim. İstefa verirəm” deyib.

Lakin onun “istefası” uzun sürməyib. Bir neçə gün sonra komandanı yenidən məşqə çıxaran Abdullayev heç nə olmayıbmış kimi işinə davam edir. Bu da səbəbsiz deyil.

Sən demə, Abdullayevin “istefa nağılı” düşünülmüş manevr imiş.

Belə ki, konfrans salonundan çıxan mütəxəssisin elə istefadan sonra özünü necə apardığını görənlər olub. Klub rəsmilərindən birinin “sən neynirsən” sualına Abdullayevin cavabı maraqlı və özünə xas tərzdə olub. Baş məşqçi istefa sözünün sirrindən yararlandığını bildirib: “İstefa verdiyimi dedim ki, jurnalistlər məndən əl çəksinlər. Yoxsa ki, istefa-zad vermirəm”.

Görünür, jurnalistlərin suallarına cavab verməmək üçün telefon zənglərinə də cavab verməyən mütəxəssis bizlərdən qaçmaq üçün yeni yol tapıb. Amma bunu 1 dəfə, maksimum 2 dəfə etmək olar. Hər tur “sağ olun, mən getdim” demək də olmaz.

Abdullayev isə 2 dəfə bu imkandan yararlanıb.

O, 2 il əvvəl Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə Bakıdakı oyunu zamanı da oxşar fint işlətmişdi. Onda “Olimpik”in baş məşqçisi olan Abdullayev istefa verməsə də qısa danışmışdı: “Oyunumuz alınmadı. Danışmaq istəmirəm. İcazə verin mən gedim”.

Bu dəfə isə icazəsiz getdi. Çünki heç hara getmirdi. Görəsən, 3-cü dəfə hara və necə gedəcək, ona inanan olacaqmı?