Azərbaycan yığmasının üzvləri Serbiyada fərqləndilər
29.09.2011 - 10:07
Azərbaycan yığmasının üzvləri Serbiyada fərqləndilər
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın azad olduğu mərhələdə azarkeşlərimizin diqqəti Ukrayna çempionu “Uraqan”a yönəlib.

Bu, öz ölkəsinin çempionu olan “Uraqan”ın heyətində Azərbaycan milli komandasının 2 oyunçusunun çıxış etməsi ilə bağlıdır. Milliləşən braziliyalılar Serjao və Biro Jadenin çıxış etdiyi komanda UEFA kubokundakı 2-ci matçında İsrail təmsilçisi “Asa Ben Qurion”la görüşüb.

Serbiyada təşkil olunan yarışa Kiprin “Omoniya” komandası üzərində 6:4 hesablı qələbə ilə başlayan “Uraqan” yenə etni nəticəyə sevinib. Matça sürətli başlayan ukraynalılar artıq 9-cu dəqiqədə hesabı 4:0-a çatdırıb. Elə məhz bu qolu Biro Jade vurub. Bundan 2 dəqiqə əvvəl isə Serjao sarı vərəqə almaqla “fərqlənib”.

Qeyd edək ki, “Uraqan” qrupdakı son oyununu sabah keçirərək Serbiya təmsilçisi “Ekonomats”la qarşılaşacaq.