Növbəti böyük tənəffüsə doğru, yaxud mərkəzi arenada son oyun
29.09.2011 - 23:01
Növbəti böyük tənəffüsə doğru, yaxud mərkəzi arenada son oyun
Bu gün Premyer Liqanın VIII turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk dəfə turun matçları eyni gündə baş tutacaq.

Halbuki, təqvimə görə görüşlər oktyabrın 1-2-də keçirilməli idi. Millimizin Avro-2012-in seçmə mərhələsində son oyunları ilə əlaqədar turun matçları əvvələ çəkilib.

Turun mərkəzi qarşılaşması “Şəfa” stadionunda keçiriləcək. Lider “Xəzər Lənkəran” səfərdə “İnter”i sınağa çəkəcək. “Ağ-yaşıllar” qalib gələrlərsə, Premyer Liqada 2 həftəlik növbəti fasiləyə böyük xal fərqi ilə yollanacaqlar. Ancaq “İnter” də mükafatlar uğrunda mübarizə apardığından, əsas rəqiblərindən birini yenib, xal fərqini azaltmalıdır.

Liderin ən yaxın izləyicisi olan “Neftçi” Zaqatalaya səfər edib. Son çempionu “Simurq”la heç də asan oyun gözləmir. Autsayderlərdən sayılan komanda mövsümə pis başlasa da, indi vəziyyət dəyişib. Sergey Yuranın yetirmələri son 2 oyunda qalib gəlməklə, turnir cədvəlində vəziyyətini yaxşılaşdırıb.

Autsayderlər isə səfər oyunlarına çıxacaq. “Rəvan” baş məşqçisi postuna qayıdan Vladislav Qədirovun rəhbərliyi altında ardıcıl 2-ci oyununu da səfərdə, əyalətdə keçirəcək. Ötən turda “Turan”ı Tovuzda yenməklə, Premyer Liqada ilk qələbəsini qazanan debütantın Qəbələdə işi daha çətin olacaq. “Qəbələ” son 2 turda səfərdə uduzduğundan, mütləq evdə qalib gəlib, xal ehtiyatını artırmalıdır.

Qələbə qazanmayan yeganə komanda kimi son pillədə gedən “Sumqayıt Şəhər” “Kəpəz”in qonağı olacaq. Gəncəlilər səfərdə keçirdikləri son 2 oyunda yalnız 1 xal topladığından, yalnız qələbəyə kökləniblər.

Maddi sıxıntı içərisində olan “Turan” isə “Qarabağ”la səfər oyununa çıxacaq. Tovuzlular ötən tur istefa verən Əsgər Abdullayevi baş məşqçi postunda saxlaya bilsələr də, futbolçulara borc olduğuna görə heyətində qeyri-müəyyənlik davam edir.

Turun yeganə Bakı derbisi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. “Bakı” ilə AZAL-la oyunu ilə 60 illik yubileyini qeyd edən mərkəzi arenamız uzun müddətli təmirə bağlanır və bu il orada daha görüş keçirilməyəcək.

30 sentyabr

16:00. “Qəbələ” – “Rəvan”
Hakimlər: Ceyhun Haşımov , Ramiz Əsədov , Namiq Hüseynov, Elçin
Məmmədov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

16:00. “Kəpəz” – “Sumqayıt Şəhər”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elman Musayev, Anar Salmanov
Gəncə. Şəhər stadionu

18:00. “Bakı” – AZAL
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “Qarabağ” – “Turan”
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Azad Ə.Hüseynov, Alik Yunusov
Bakı. "Dalğa Arena" stadionu

19:00. “Simurq” – “Neftçi”
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Rəhim
Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

19:00. “İnter” – “Xəzər-Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Fuad
Həsənov
Bakı. "Şəfa" stadionu