Roberto Karlos: Mənim Vaqif Sadıqovla çox yaxşı münasibətim var
30.09.2011 - 10:22
Roberto Karlos: Mənim Vaqif Sadıqovla çox yaxşı münasibətim var
“Sözün açığı, mən hələ özümü məşqçi hiss etmirəm. Üstəlik, müqaviləm əvvəlki – futbolçu kimidir. Qarşıma məşqçilər ştabının üzvlərinə kömək etmək məqsədi qoymuşam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun kapitanı Roberto Karlos deyib. Hacı Hacıyevin istefaya göndərilməsindən sonra baş məşqçi əvəzi olan Andrey Qordeyevə yardımçı olmaq tapşırılan 38 yaşlı braziliyalı müdafiəçi oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Bununla belə, futbol meydançasına qayıtmağa ümidini itirməyən Karlosun klubla hələ 2,5 illik müqaviləsi var.

Braziliya yığmasının heyətində dünya çempionu olan Karlos “Anji”də təmsilçimiz - məşqçi Vaqif Sadıqovla haqda da fikir söyləyib. O, komandada saxlanılan 52 yaşlı çalışdırıcımızla işbirliyindən məmnundur: “Qordeyevlə tandem təşkil etmək perspektivinə əla baxıram. Onunla, habelə Vaqif və Arsenlə (digər məşqçi Arsen Akayev) də çox yaxşı münasibətlərim var. Ancaq mənim üçün həmişə əsas Andreylə tandemim olacaq. O, peşəkar məşqçidir, yetərincə zəngin təcrübəsi var”.