Tofiq Fətullayev: Elvin Əliyevi araşdırmaya çağırmaq mənasızdır
30.09.2011 - 14:06
Tofiq Fətullayev: Elvin Əliyevi araşdırmaya çağırmaq mənasızdır
“Növbəti iclasımızda “Neftçi” – “Bakı” oyununda baş verənləri müzakirə edəcəyik. Həmin görüşdən sonra baş verən insidenti araşdırmaqla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovun imzası ilə bizə məktub daxil olub”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin (IK) sədri Tofiq Fətullayev deyib.

AFFA rəhbərliyi İntizam Komitəsinə “Bakı”nın futbolçusu Elvin Əliyevin Premyer Liqanın ötən turunda “Neftçi” ilə oyundan sonra fiziki təzyiqə məruz qalması ilə nəticələnən hadisənin araşdırılması və ona məlumat verilməsi ilə bağlı rəsmi müraciət edib. Fətullayevdən araşdırmanın gedişini soruşduqda, ətraflı danışmağa lüzum görmədi: “Araşdırmamız hələ yekunlaşmayıb. Yavaş-yavaş məlumatlar gəlir. Hadisə ilə bağlı klub nümayəndələrini çağırırıq. Adəti üzrə həftənin 2-ci günü toplantımız olacaq. Həmin gün bu turun oyunlarında baş verənlərlə yanaşı, “Neftçi” – “Bakı” görüşünə də baxacağıq”.

Fətullayevdən Əliyevi çağırıb-çağırılmayacaqlarını soruşduq: “Futbolçunu çağırmayacağıq. Bu, mənasızdır. Çünki onsuz da hər şey məlumdur, yazılıb, deyilib”.

İk sədri araşdırmanın nəticəsi yekunlaşandan sonra məlumat veriləcəyini dedi. O, hadisələri qabaqlamayaraq, hansı mümkün qərarın çıxarılmağı ilə indidən bir söz demək istəmədi.

Mehman SÜLEYMANOV