İlk qadın, 6-cı əcnəbi, 4-cü almaniyalı
30.09.2011 - 14:47
İlk qadın, 6-cı əcnəbi, 4-cü almaniyalı
Almaniyalı baş məşqçi Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlardan ibarət milli komandamızın çalışdırıcısı Sissi Rayt yığmalarımızın tarixinə komandamızı meydana çıxaran ilk qadın məşqçi olub. İndiyədək futbol millilərimizi rəsmi oyunlara yalnız kişi baş məşqçilər çıxarmışdı.

Avro-2012-nin seçmə mərhələsinin Bakıda keçirilən Ukrayna ilə oyununda rəsmi debüt edən Rayt həm də yığmalarımızın 6-cı əcnəbi çalışdırıcısı oldu. Ona qədər yalnız 5 legioner mütəxəssis futbol millilərimizi seçmə oyunlarında meydana çıxarmışdı. Bunlardan 3-nün almaniyalı olduğunu nəzərə alsaq? Rayt həm də bu ölkənin 4-cü təmsilçisi oldu.

Azərbaycan futbol yığmalarının əcnəbi baş məşqçiləri
1. Karlos Alberto Torres (Braziliya) - əsas yığma
2. Qyoko Hacıyevski (Makedoniya) - əsas yığma
3. Bernard Lippert (Almaniya) – U-21, U-19, U-17
4. Berti Foqts (Almaniya) - əsas yığma
5. Oliver Pelzer (Almaniya) – U-17
6. Sissi Rayt (Almaniya) – U-17 (qızlar)

Qeyd edək ki, futboldan başqa futzal (Joze Alessio da Silva) və çimərlik futbolunda (Enrike Zlokkovik Silva) da əcnəbi – braziliyalı mütəxəssislər olub. Futbolda isə U-15 və U-16-da almaniyalı Nikolay Adam çalışsa da bu 2 yaş qrupunda rəsmi turnir keçirilmədiyindən debüt etməyib.