Şəfasız “Şəfa”
01.10.2011 - 10:44
Şəfasız  “Şəfa”
“Xəzər Lənkəran”ın hesabat turunda “İnter”ə səfər məğlubiyyəti (0:1) ilə Azərbaycan Premyer Liqasının cari mövsümündə uduzmayan komanda qalmadı. Apasport.az saytının məlumatına görə, bununla da cari çempionatın vahid lideri olan lənkəranlıların ölkə daxili yarışlarda 201 günlük məğlubiyyətsiz seriyası qırıldı.

Maraqlıdır ki, rumıniyalı Mirça Rednikin baş məşqçisi olduğu komandanın son məğlubiyyəti Premyer Liqada “Şəfa” stadionunda 0:1 hesabı ilə olmuşdu. Fərq ondadır ki, ötən mövsümün “altılığ”ın ilk turunda martın 13-də cənub təmsilçisini Bakının AZAL, bu dəfə isə “İnter” klubu məğlub etdi.

Özü də hər 2 oyunda “Xəzər Lənkəran”ın əsas qapıçısı, kapitanı Kamran Ağayev zədə üzündən kənarda qaldığından, Rednik ehtiyat qapıçını meydana buraxmalı oldu. AZAL-la oyunda ukraynalı Yevgeni Kopil, bu dəfə isə Kamal Bayramov “çərçivə”ni qorudu və hər ikisi cənub təmsilçisində rəsmən debüt etdi.

Yeri gəlmişkən, Kopili debütündə buraxdığı kobud səhvlə məğlubiyyətin əsas günahkarı oldu və daha oynamayaraq, mövsüm bitəndən sonra “Xəzər Lənkəran”dan çıxarıldı. Onun yerinə gətirilən Kamal belə kobud səhv etmədiyindən, onu məğlubiyyətdə günahlandırmaq düzgün olmazdı.

“İnter” bu qələbəsi ilə “Xəzər Lənkəran”la matçlarda 5 oyunluq qələbəsiz seriyasına son qoydu. Gürcü Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda ötən mövsüm lənkəranlılarla görüşlərin heç birində qalib gələ bilmədi. Premyer Liqada keçirilən 4 matçdan 3-ü heç-heçə (1-i 0:0, 2-si 1:1), 1-i cənub təmsilçisinin qələbəsi (3:1) ilə nəticələndi.

Komandalar ötən mövsümün sonunda – Azərbaycan kubokunun finalında da görüşdülər. Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin oyunun əsas vaxtı 0:1, 30 dəqiqəlik əlavə vaxtı 1:1 hesabı ilə nəticələndi və qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyası təyin edildi. Bunu daha dəqiq yerinə yetirən “Xəzər Lənkəran” 4:2 hesabı ilə qalib gəldi və gümüş medalçısı olduğu mövsümü titulla başa vura bildi.

Maraqlıdır ki, “İnter”in lənkəranlılar üzərində sonuncu qələbəsi də “Şəfa”da və yenə 1:0 hesabı ilə olmuşdu. Bu, komandanın çempion olduğu 2009/10 mövsümündə, martın 21-də baş vermişdi. Onda bolqarıstanlı oyun qurucusu Petar Zlatinov penaltini dəqiq yerinə yetirmişdisə, bu dəfə qələbə topunu sonradan meydana çıxan yarımmüdafiəçi Nizami Hacıyev vurdu.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın bunadək son məğlubiyyətini Avroliqanın II təsnifat mərhələsində iyulun 14-də Təl-Əvivdə “Makkabi”dən almışdı – 1:5.

Mehman SÜLEYMANOV