Sabiqlərin günü
01.10.2011 - 15:14
Sabiqlərin günü
Azərbaycan Premyer Liqasının dünən keçirilən VIII turu sabiqlərin uğurlu çıxışı ilə diqqəti çəkdi. Apasport.az saytının məlumatına görə, bir sıra futbolçular keçmiş komandaları ilə oyunlarda öz sözlərini dedilər. Bu mənada ilk növbədə “İnter”in futbolçusu Nizami Hacıyevin adını çəkmək olar. 22 yaşlı yarımmüdafiəçi “Şəfa” stadionundakı görüşün 58-ci dəqiqəsində meydana daxil oldu və ona turun mərkəzi oyununun taleyini həll etmək üçün cəmi 15 dəqiqə yetdi. Nizaminin qolu “Xəzər Lənkəran”ı cari mövsümdə ilk məğlubiyyətlə barışdırdı və bununla da cari çempionatımızda uduzmayan komanda qalmadı.

Hacıyev 2009/10 mövsümündə “Xəzər Lənkəran”da oynasa da, bu, uğurlu olmadı. Belə ki, futbolçu 23 oyunda heç bir qol vura bilmədi, 1 dəfə sarı vərəqə aldı. Komandanın həmin vaxt baş məşqçisi olan Ağasəlim Mircavadov transfer etdiyi Nizamiyə mövsümün əvvəlində əsas heyətdə şans versə də, ümidlərini doğrultmadı. Orada möhkəmlənə bilməyən cinah yarımmüdafiəçisi daha çox ehtiyatda qaldı və sonradan meydana çıxmalı olurdu. Mövsüm bitəndən sonra lənkəranlıların kənarlaşdırdığı Hacıyev “İnter”ə qayıtsa da, iştirak etdiyi “Lex”lə Çempionlar Liqası oyunlarından sonra yenidən komandadan ayrı düşdü. Hərbi xidmətə yollanan futbolçu ötən mövsümü MOİK-də keçirməli oldu və onunla I diviziona düşdü. O, bu yay qayıtdığı “İnter”də 3-cü dönəmini yaşayır və dönüşündən sonra ilk qolunu keçmiş komandasına vurdu.

“Neftçi”nin hücumçusu Fərid Quliyev Zaqataladakı oyunun qəhrəmanı oldu. O, “Simurq”la oyunun 90+1-ci dəqiqəsində vurduğu qolla komandasına vacib 3 xal qazandırdı – 2:1. Özü də Fərid də Nizami kimi sonradan oyuna girdi. Ancaq Quliyev daha az müddətdə fərqlənə bildi. Çünki 25 yaşlı hücumçu 84-cü dəqiqədə meydana daxil oldu və 7 dəqiqə sonra qələbə topunun müəllifi oldu. “Neftçi”nin əvvəlki baş məşqçisi Arif Əsədov ötən qış fasiləsində əsas heyətdə görmədiyi Fəridə yeni komanda tapmaq tövsiyə edilmişdi. Nəticədə “Simurq”a icarəyə verilən hücumçu orada oyun praktikasını qazanmalı idi. Ancaq Fərid Zaqatala təmsilçisində cəmi 5 oyun keçirdi və 355 dəqiqə meydanda oldu. Əsədovun gedişindən sonra baş məşqçi postuna keçən Böyükağa Hacıyev müqavilə ilə kluba məxsus Quliyevi qaytardı və son 2 oyunun sonunda meydana buraxır. Fərid “Bakı”da rəhbərliyi altında çempion olan, Çempionlar Liqasında qol vuran Hacıyevin etimadını sabiq klubu ilə görüşdə doğrultdu.

“Qarabağ”ın liderlərindən olan Rəşad Sadıqov da ona yaxşı tanış komanda ilə görüşdə fərqləndi. Belə ki, milli komandamızın 29 yaşlı kapitanının milli çempionatımızda ilk klubu məhz “Turan” olub. Müdafiəçi də digər sabiqlər kimi son turda oyunda son nöqtəni qoydu – 3:1. Rəşad 1999-2001-ci illərdə Tovuz təmsilçisində (26 oyun, 4 qol) çıxışı ilə tanınıb və bundan sonra “Neftçi”yə dəvət olundu.

“Rəvan”ın səfərdə “Qəbələ” üzərində gözlənilməz qələbəsində Kristian Torresin böyük rolunun olduğunu desək, yanılmarıq. Düzdür, argentinalı yarımmüdafiəçi digər sabiqlər kimi qol vurmasa da, öz oyunu ilə nəticəyə təsir etdi. Torres ona güvənməyən baş məşqçi Toni Adamsa özünü sübut etdi və bu dəfə qarşılarına rəqib kimi çıxdığı qəbələli azarkeşləri məyus etdi. Ölkəmizdə ilk klubu olan “Qəbələ” olan Kristian sabiq baş məşqçi Ramiz Məmmədovun vaxtında transfer edilmişdi və Adamsın rəhbərliyi altında 1 il oynadı. Oyun qurucusu mövsümlərarası fasilədə “Rəvan”a keçdi.

Qeyd edək ki, Mahmud Qurbanov (“Sumqayıt Şəhər”) son turda futbolda ilk addımlarını atdığı, yetirməsi olduğu, titullarının çoxunu qazandığı “Kəpəz”lə, Ruslan Poladov (“İnter”) 3,5 il şərəfini qoruduğu “Xəzər Lənkəran”la görüşdü. Ancaq hər 2 təcrübəli futbolçu sabiq klubları ilə oyunlarda sona kimi ehtiyatda saxlanıldığından, özlərini göstərmək imkanına malik olmadılar.

Mehman SÜLEYMANOV