Serje Cehuaya istirahət yoxdur
05.10.2011 - 17:48
Serje Cehuaya istirahət yoxdur
Premyer Liqanın son 3 turunda qələbə qazana bilməyən “Qəbələ” klubunun futbolçuları hamıdan çox istirahət edəcək. Apasport.az saytının müəlumatına görə, bütün komandalar ən geci oktyabrın 6-da yığışacağı halda, “Qəbələ”nin futbolçularına oktyabrın 9-na qədər istirahət verilib.

Oktyabrın 9-da Toni Adamsın rəhbərliyi altında məşqlərini bərpa edəcək komanda bundan 2 gün sonra yoxlama oyununda qüvvəsini sınayacaq. Belə ki, şimal təmsilçisi oktybarın 11-də Qəbələdə birinci divizion klubu MOİK-lə üz-üzə gələcək.

Bütün komandalar istirahətdə olduğu halda, hazırda “Qəbələ”də qalıb, məşqlərini davam etdirən futbolçu da var. Belə ki, “Rəvan”la görüşdən öncə komandanın heyətinə cəlb olunan fildişi sahilli Serje Cehua istirahətdənsə, fərdi planda hazırlaşmağı üstün tutub. Onunla fiziki hazırlıq üzrə məşqçi, türkiyəli Fatih Kavlak məşğul olur. Görünür, “Antalyaspor”un sabiq forvardının fiziki hazırlığı Toni Adamsı qane etmir.

Qeyd edək ki, 3 ay klubsuz qaldından sonra “Qəbələ” ilə birbaşa müqavilə bağlayan 27 yaşlı forvard Türkiyə Superliqasının ən qüvvətli oyunçularından biri hesab olunub.