“Komandam bundan daha yaxşısını bacara bilərdi”
05.10.2011 - 18:35
“Komandam bundan daha yaxşısını bacara bilərdi”
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Düzdür, yaxşı futbol oynamadılar. Amma bəzi epizodlar var idi ki, onlar qətiyyətli oldular, qol vurmaq üçün iradə nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı mütəxəssis AÇ-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Bosniya və Herseqovina oyunundan sonra baş tutan mətbuat konfransında qələbə üçün təcrübələrinin çatmadığını bildirib: “Bizim də qol imkanlarımız oldu. Ümumi götürdükdə, çox gənc komandayıq. Ona görə də təcrübəmizi artırmalıyıq. Komandam bundan daha yaxşısını bacara bilərdi. Bunu etməməsi məyusedici haldır”.


Futbolçularımıza 2:1 hesabı ilə qalib gələn rəqibin baş məşqçisi İliya Lukiç isə təşkilatçılığın yüksək səviyyədə olduğunu önə çəkib: “Seçmə mərhələdə çıxış etməyimiz bizim üçün yaxşı təcrübə oldu. Gənc komandayıq və təcrübəmizin artmasına ehtiyacımız var. Rəqibimiz müdafiədə yaxşı oynadı. Təkcə nəticədən yox, Azərbaycanın qonaqpərvərliyindən və AFFA-nın təşkilatçılığından da çox razıyıq”.