Sergey Yuran: Azərbaycan yığması daha “cırtdan” deyil
06.10.2011 - 09:24
Sergey Yuran: Azərbaycan yığması daha “cırtdan” deyil
“Aleksandr Səmədovun Rusiya yığmasına çağırılması Azərbaycanda rezonans doğurdu. Jurnalistlər məndən soruşdular ki, necə hesab edirsiniz, Aleksandr Azərbaycan yığmasında oynayacaq?” Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Cari mövsümdən ölkəmizdə çalışan 42 yaşlı mütəxəssisin uzun illər oynadığı Rusiya yığması Moskva “Dinamo”sunun əslən Azərbaycandan olan futbolçusu Aleksandr Səmədova ilk dəfə dəvət göndərdi. Yuran Rusiya mətbuatına müsahibəsində Səmədovun milli komandamızda oynamamağı ilə müzakirələrə münasibət bildirib: “Bəli, bütün bu söhbətlər böyüdü. Ancaq sonda qərarı Səmədovun özü qəbul etməlidir. Əgər Rusiya yığmasında oynamasa, onda azərbaycanlıların təklifinə müsbət cavablandıracağını istisna etmirəm. Axı Azərbaycan yığması daha xal paylayan “cırtdan” deyil. Həm də Berti Foqts burada işləyir”.

“Simurq”un çalışdırıcı Avro-2012-in seçmə mərhələsində Slovakiya və Andorra ilə oyunlara çağırılan Aleksandrın Rusiya yığmasına xeyir verəcəyini düşünür: “Təbii ki, Səmədov yığmanı gücləndirəcək. O, elə ötən mövsümdə də qaydasında idi. Bu çempionatı isə sadəcə, möhtəşəm keçirir. Ümid edirəm ki, bu, yalnız çağırış xətrinə edilməyib. Üstəlik, indi bizə belə ampluada çox futbolçu yoxdur”.