UEFA “Bakı”nın sabiq baş məşqçisini mükafatlandıracaq
06.10.2011 - 10:51
UEFA “Bakı”nın sabiq baş məşqçisini mükafatlandıracaq
UEFA milli komandalarda ən azı 100 oyun keçirən futbolçuların mükafatlandırılmağı davam etdirir. Apasport.az saytının məlumatına görə, bu dəfə Türkiyənin əsas yığmasının futbolçuları qitə futbol qurumundan mükafatlar alacaq. Söhbət qapıçı Rüştü Rəcbər, müdafiəçi Bülənt Korkmaz və hücumçu Hakan Şükürdən gedir.

“Beşiktaş”ın 38 yaşlı qapıçısı karyerasını bitirdiyi “ay-ulduzlular”ın heyətində keçirdiyi 119 oyunda rekordçudur. Artıq futbolçu karyeralarını başa vuran Şükür 112, Korkmaz 102 dəfə milli formasını geyib. UEFA-nın mükafatları Avro-2012-in seçmə mərhələsində sabah İstanbulda “Türk Telekom Arena”da keçiriləcək Türkiyə - Almaniya oyunu öncəsi təqdim olunacaq.

Qeyd edək ki, 2002-ci ildə Türkiyə yığmasının kapitanı kimi dünya çempionatının bürünc medalını qazanan 43 yaşlı Korkmaz “Bakı”nı (2009/10 mövsümündə) çalışdırıb.