Vaqif Cavadov: Avstriya yığması aqressiv oynayacaq - MÜSAHİBƏ
06.10.2011 - 11:18
Vaqif Cavadov: Avstriya yığması aqressiv oynayacaq - MÜSAHİBƏ
Azərbaycan yığmasının və Nijni-Novqorodun “Volqa” klubunun futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Avstriya ilə oyuna hazırlıq necə keçir?
- Normal. Uşaqlar bu matçda qələbə qazanmaq haqda düşünür. Bütün planlarımız bunun üzərində qurulub. İnşallah, yaxşı nəticə qazanıb, Türkiyəyə yüksək əhval-ruhiyyədə yollanarıq.

- Belçika ilə heç-heçə, Qazaxıstan üzərində qazanılan qələbə futbolçularda arxayınlaşma yaratmayıb ki?
- Belə deməzdim. Çünki hamımız başa düşürük ki, Avstriya güclü komandadır. Rəqib komandanın düşərgəsində baş verənlərdən xəbərdarıq. Bununla belə, Bakıda qələbə qazanmaq istəyirik. Türkiyə ilə görüş haqda isə indidən heç nə demək istəmirəm. Hələ bizi Avstriya ilə çox ciddi oyun gözləyir. Bu matç başa çatdıqdan sonra nəticədən asılı olmayaraq, Türkiyə ilə qarşılaşmaya köklənəcəyik.

- Avstriya yığmasının baş məşqçisi istefa verib, bir neçə futbolçusu isə zədəli olduğundan yığmamızla oyunu buraxacaq. Necə düşünürsünüz, bu fürsətdən yararlana biləcəyikmi?
- Baş məşqçi dəyişikliyi komandaya ciddi şəkildə təsir göstərir. Onlar daha yaxşı çıxış etməyə çalışacaqlar. Çünki hər bir futbolçu yeni çalışdırıcıya özünü göstərmək istəyəcək. Bu səbəbdən meydanda daha aqressiv olacaqlarını düşünürəm. Amma istənilən halda, biz yaxşı oyun nümayiş etdirmək istəyirik.

- Nəticə barədə nə deyə bilərsiniz?
- Proqnoz vermək istəmirəm. Məqsədimiz aydındır. Ancaq qələbə qazanmaq haqda düşünürük.

- Bu oyunda qazanılacaq qələbə sayəsində aktivimizdəki xalların sayını 10-a çatdıra bilərik...
- Çalışacağıq. Nə qədər çox xal toplasaq, xeyrimizə olacaq.

- 10 xal səddinə çatmaq komandaya əlavə stimul verirmi?
- Əlbəttə. İndiki məqamda bunu reallaşdırmaq üçün şansımız var. Niyə buna can atmayaq?

- Qrupun son oyununda Türkiyə ilə qarşılaşacaqsınız. İstanbulda baş tutacaq oyunda Bakıdakı nəticəni təkrarlamaq olacaqmı?
- Türkiyə ilə oyun haqda danışmaq hələ tezdir. Əvvəlcə Avstriya ilə görüşü başa vuraq, sonra bu qarşılaşma haqda nəsə danışmaq olar.

- Yığmamız adətən ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. Oranın da qazonu təbii otdur. Amma bu dəfə rəsmi oyunu süni örtüklü meydanda keçirəcəksiniz. Bu oyununa təsir göstərə bilərmi?
- Avstriya ilə qarşılaşma “Dalğa Arenada” ilk rəsmi görüşümüz olacaq. İnanıram ki, qələbə qazanacağıq. Açığı, bu cür süni meydanda oynamağa öyrəşməmişik. Lakin qazonun hansısa çətinlik yaradacağına inanmıram.

- “Volqa”da işləriniz necə gedir?
- Çox şükür, hər şey qaydasındadır.

- Tam adaptasiya ola bilmisiniz?
- Yaxşı, mehriban kollektivimiz var. Artıq nəticələr də qazanmağa başlamışıq.

- Əsas heyətdə meydana çıxmamağın nə ilə bağlıdır?
- Bu, baş məşqçinin qərarıdır. Son vaxtlar xəstələndiyimə görə, ola bilsin, ehtiyatda qalıram. Həm də baş məşqçi hər oyun üçün taktika qurur və buna uyğun futbolçular seçir. Ona görə, onun fikrinə hörmətlə yanaşmalıyam.