Rəşadla Əfran təyyarədə, Ruslan İstanbulda
06.10.2011 - 11:39
Rəşadla Əfran təyyarədə, Ruslan İstanbulda
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində keçirəcəyi qarşıdakı 2 oyunu 3 futbolçumuz üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, sabah Bakıda Avstriya ilə qarşılaşacaq Berti Foqtsun 3 yetirməsi ayın 11-də Türkiyədə baş tutacaq görüşədək ad gününü qeyd edəcək.

Belə ki, “Dalğa Arena”dakı qarşılaşmanın ertəsi günü yığmadakı “qarabağ”lılar – Rəşad Sadiqovla Əfran İsmayılov ad gününə sevinəcək. Rəşadın 28, Əfranın 23-cü doğum gününü hansı əhval ruhiyyədə qeyd etməsi isə Avstriya ilə matçdan asılı olacaq. Onların ad gününü İstanbula uçan təyyarədə qeyd etməsi də mümkündür.

Türkiyə ilə matçdan 1 gün əvvəl isə “Neftçi”nin arxa xətt oyunçusu Ruslan Abışovun 24 yaşı tamam olacaq. Rəşadla Əfrandan fərqli, müdafiəçinin hədiyyəsi “Dalğa Arena”da deyil, İstanbulun “Türk Telekom Arena”da verilə bilər. Bu isə təbii ki, onların komanda yoldaşlarından asılıdır.