Foqts: Amit Quluzadəni Türkiyə ilə oyuna çağıra bilərəm
06.10.2011 - 13:06
Foqts: Amit Quluzadəni Türkiyə ilə oyuna çağıra bilərəm
Türkiyənin “Ərciyyəsspor” klubunun futbolçusu Amit Quluzadə Azərbaycan yığmasına qayıda bilər. Apasport.az saytının məlumatına görə, millimizin almaniyalı baş məşqçisi Berti Foqts karyerasını Bank Asiya I divizionda davam etdirən 19 yaşlı yarımmüdafiəçini son rəsmi görüşə çağıracağını istisna etmir.

Bu, Türkiyə yığması ilə oktyabrın 11-də İstanbuldakı oyunumuz olacaq. Amitin karyerasını davam etdirdiyi ölkədə yığma səviyyəsində görüşün iştirakçısı olmağı reklam, nüfuz baxımından yaxşı haldır.

Foqts hazırda 21 yaşlılardan ibarət yığmamızın heyətində olan, bu gün “Dalğa Arena”da Norveçlə rəsmi oyunda meydana çıxacaq Quluzadəni izləyəcək: “Mən gənclər yığmasının oyununa baxacağam. Əgər millidə heyətlə bağlı problem yaransa, Amiti Türkiyə ilə matça dəvət edə bilərəm. Üstəlik, bizdə vərəqə limitini aşmaqda olan futbolçular var ki, onlardan Avstriya ilə oyunda “sarı” alanlar Türkiyə ilə matçda cəzalı duruma düşəcək. Amit bacarıqlı futbolçudur. Onun karyerasını xaricdə davam etdirməyə özündə güc tapmağı çox sevindiricidir. Mən çox istərdim ki, Türkiyədə və başqa ölkələrdə oynayan çoxlu futbolçularımız olsun”.

Qeyd edək ki, Amit əsas yığmamızda Foqtsun dövründə debüt edib.