Elxan Məmmədov: Təqdim edəcəyimiz maskotun adı hələ yoxdur
06.10.2011 - 15:26
Elxan Məmmədov: Təqdim edəcəyimiz maskotun adı hələ yoxdur
“Sabah 17 yaşınadək qızlardan ibarət dünya çempionatının maskotunu təqdim edəcəyik. Ancaq həmin maskotun adı hələ yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sabah saat 21:00-da AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Azərbaycan – Avstriya oyunundan 15 dəqiqə əvvəl FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotunun (talismanının) təqdimatı keçiriləcək. Seçimin aşkar favoriti olan Tıq-tıq xanım təklifini AFFA-ya saytımız verib və bu, müsbət qarşılanıb.

Məmmədovun sözlərinə görə, talismanın adı hələ qoyulmayıb və onun Tıq-tıq xanım olacağını indidən dəqiq demək olmaz: “Bununla bağlı xüsusi müsabiqə keçirəcəyik. Bu, elə məsələdir ki, onunla bağlı 1 günə qərar vermək lazım deyil. Sabah millimizin oyunundan öncə təqdim edəcəyimiz maskotu bizə FİFA hazırlayıb. Orada Azərbaycan geyimi, bayrağı, bir sözlə, milli koloritlər nəzərə alınıb və bunlar pozulmadan hazırlanıb. Bu geyimdə olan qız onu nümayiş etdirəcək və bunu əhalinin, futbol ictimaiyyətinin ixtiyarına buraxacağıq. Onlar adlarla bağlı öz təkliflərini verəcəklər. Mən saytınızın talisman məsələsində fəal iştirakını, Tıq-tıq xanımı təklif etdiyini bilirəm. Ancaq elə ola bilər ki, siz maskonu görəndən sonra ona bu yox, başqa adın verilməyini daha məqsədəuyğun sayacaqsınız. Bir sözlə, bu məsələdə tələsmək lazım deyil və əhalinin adla bağlı öz təkliflərini verməsini istəyirik. Bu proses ilin sonuna kimi davam edəcək və ondan sonra təkliflər əsasında ad müəyyənləşəcək”.

Mehman SÜLEYMANOV