Görünməmiş nəticəyə imza atmaq şansı
06.10.2011 - 15:43
Görünməmiş nəticəyə imza atmaq şansı
Azərbaycan yığması Avro-2012-in seçmə mərhələsində sabah növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Avstriya ilə “Dalğa Arena”dakı qarşılaşma komandamızın bu il öz meydanında sonuncu matçı olacaq.

Ötən ay seçmə mərhələdə Belçika və Qazaxıstanla görüşlərdən 4 xal götürən yığmamız növbəti seçmə oyununa yüksək əhval-ruhiyyədə çıxacaq. Əlbəttə, azarkeşlər bu uğurlu çıxışın davamını gözləyir və rəqibin kimliyi, onun hazırkı durumu da nikbinliyə əsas verir.

Hər halda, Avstriya yığması əvvəlki gücdə deyil və baş məşqçisi Didi Konstantini də ötən ay rəsmi görüşlərdən sonra istefa verib. Rəqibin “sükanı arxası”nda olan Villi Ruttenştayner isə Avstriya Futbol İttifaqında idman direktoru postunu tutur. Avstriya artıq yeni baş məşqçi kimi Marsel Kolleri təyin etsə də, o, işinə cari seçmə mərhələdən sonra başlayacaq.

Millimizi qələbəyə sövq edən digər amillər də var. Komandamız indiyədək “Dalğa Arena”da meydana çıxsa da, avqustun 10-da Makedoniya yığması ilə oyun yoldaşlıq görüşü xarakteri daşıyırdı. Bu matçda uduzduğumuzdan (0:1), yeni stadionunda debütümüzü yaxşı qeyd edə bilmədik. İndi milli “Dalğa Arena”da ilk rəsmi oyununu keçirəcək ki, bunda uğurlu “siftə” etməyə imkan yaranıb.

Əlbəttə, cari seçmə mərhələdə ev oyunlarımızın sonuncusunu keçirməyimiz qələbəni daha da stimullaşdırır. Bu mərhələdə öz meydanımızda yalnız qrup lideri Almaniya yığmasında uduzmuşuq (1:3) ki, Bundestimin 8 oyuna 24 xal toplamağı onun gücündən xəbər verir.

Avstriyanı yenməyə ən böyük stimul turnir cədvəlindəki mövqedir. Çünki qalib gəlsək, rəqibi 1 xal qabaqlayaraq, 4-cü pilləni onun əlindən alacağıq. Bu isə millimizin üçün 1994-cü ildən iştirakçısı olduğu seçmə mərhələlərdə görünməmiş nəticəsi olacaq. Axı biz adətən qrup sonuncusu, ən yaxşı halda indi yer aldığımız 5-ci pillədə olmuşuq.

Düzdür, hələ bundan sonra da 1 oyun var və Azərbaycan seçmə mərhələyə Türkiyə, Avstriya Qazaxıstanla səfər matçı ilə yekun vuracaq. Avstriyalıların Astanada uduzmasının mümkünlüyünü nəzərə alsaq, 1 xallıq fərqin qalması və millimizin ilk dəfə seçmə mərhələni 4-cü yerdə bitirməyi realdır.

Avstriya Bakıya itkilərlə gəldiyindən, bir sıra futbolçuları sabah meydana çıxa bilməyəcək. Düzdür, bizdə də heyətlə bağlı problemlər var və müdafiəçi Aqil Nəbiyevlə hücumçu Murad Hüseynov zədə üzündən düşərgədən kənarlaşdırıldılar. Yığmamızın son oyunlarında qol və məhsuldar ötürmələrdə yadda qalan Mahir Şükürov isə düşərgədə olsa da, cəza üzündən avstriyalılarla görüşdə kömək edə bilməyəcək. Hər halda, “Qarabağ”ın da aparıcı futbolçuları olan yarımmüdafiəçi Əfran İsmayılovla hücumçu Rauf Əliyev zədələrini sağaldaraq, sabah meydana çıxa bilmələri sevindirici haldır.

Qeyd edək ki, saat 21:00-da başlayacaq Azərbaycan – Avstriya oyununu isveçrəli Stefan Studer idarə edəcək. Ona Manuel Navarro, Sandro Pozzi və Alan Byeri yardımçı olacaq. Hakimlərin işinə italiyalı hakim-inspektor Luciano Luci qiymət verəcək. UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov təyin olunub.

Mehman SÜLEYMANOV