“Danışmaqla heç nə düzəlmir, işləmək lazımdır” - MÜSAHİBƏ
06.10.2011 - 23:04
“Danışmaqla heç nə düzəlmir, işləmək lazımdır” - MÜSAHİBƏ
Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Artıq iki ildən çoxdur ki, işsizsiniz. Məzuniyyət niyə belə uzun çəkdi?
- Hamı bunu deyir. Artıq çoxu belə fikirləşir ki, mən uzun müddətdir futboldan getmişəm. Əlbəttə ki, fəaliyyətimi bərpa etmək istəyirəm. Amma bu, məndən asılı məsələ deyil. Gərək real təklif olsun, biz də dəyərləndirək və işə başlayaq.

- Doğurdanmı, bu müddət ərzində heç bir dəvət olmayıb?
- Dəvət hər zaman olub. Həm futbolçu, həm də məşqçi kimi mənim xidmətimdən yararlanmaq istəyiblər. Amma bu real olmalıdır və şərtlər qarşılanmalıdır. Düzünü deyəcəyəm, “Karvan”dan gedəndən sonra 2 dəvət olub və hər ikisinə etiraz etmişəm.

- Bəlkə, gözlədiyiniz yer var?
- Belə bir şey yoxdur. Ciddi dəvət almamışam. Yaxud, heç kim deməyib ki, otur gözlə.

- Hazırda Azərbaycanda çox sayda yerli mütəxəssis işsiz qalıb. Sizcə, bu nə ilə bağlıdır?
- Məncə, bu araşdırılmalı məsələdir. Səbəbini dəqiq bilmirəm. Klublar öz seçimlərində azaddırlar.

- Futboldan birdəfəlik qopmusunuz, yoxsa çempionatın oyunlarını izləyirsiniz?
- Bakıda yaşayıram. Mümkün olanda çempionatın oyunlarına baxıram, analizlər edirəm. Amma bu, mütəmadi olmur.

- Heç kim öz ayranına turş deməz. Yəqin ki, siz də “Karvan”da işləyəndə çatışmazlıqlara göz yummusunuz. İndi kənardan baxanda, hansı çatışmazlıqlar açıq-aşkar görünür?
- Problemsiz iş yoxdur. Bayaq vurğuladığım kimi, mən çempionata mütəmadi baxmıram ki, deyim nə pis, nə yaxşıdır. Görünən odur ki, komandalar yavaş-yavaş öz oyunlarını nümayiş etdirməyə başlayıblar.

- Artıq 8 tur arxada qalıb. Bəzi mütəxəssislər çempionluğa və medallar üçün favoritlərini açıqlayıblar. Siz hansı komandaya üstünlük verirsiniz?
- Gəlin, mən favoritimin adını gələn ilin may ayında açıqlayım. Sizə mayın 24-si deyərəm ki, kim daha güclüdür.

- Həmin vaxt artıq çempionat sona çatacaq və hamı kimin nə qazandığını biləcək...
- Mən də onu demək istəyirəm ki, müasir futbolda güclü-zəif anlayışı qalmayıb. Yəni əvvəlcədən demək olmur ki, kim qalib olacaq. Yalnız çempionat başa çatdıqdan sonra məlum olur ki, kim qızıl medalı, kim gümüş, kim də bürünc medalı götürür. Məncə, favorit göstərmək üçün ən yaxşı vaxt çempionatın sondur.

- Niyə heç vaxt proqnoz vermirsiniz?
- Hər şeyi zamanın ixtiyarına buraxmağı xoşlayıram. Onsuz da sonda ən güclü qalib gələcək. Danışmaqla heç nə düzəlmir, ancaq işləmək lazımdır.

- Vaxtilə Azərbaycanda gənc futbolçu nəslinin yetişdiyini demişdiniz. Nədənsə, ümid bəslədiyiniz futbolçular indi birinci diviziondan irəli gedə bilmirlər, ya da əvəzetmələrdən oyuna daxil olurlar. Sizcə, geriləmə və ya yerində sayma nə ilə bağlıdır?
- Gənc futbolçulara inanmaq lazımdır. Əlbəttə ki, bu inamı gənc nəsil özü yaratmalıdır. Onlar özlərini rəqabətədavamlı etməlidirlər. Bilirsiniz ki, bir oyun yaxşı çıxış etməklə heç nə həll olunmur. Gərək daim öz üzərində işləyəsən. Mən indi də deyirəm ki, Azərbaycanda yaxşı gənc futbolçular var. Onlar daha çox məşq etmək və səhvlərdən yayınmaqla yaxşı futbolçu ola bilərlər.

- Uzun müddət çalışdığınız “Karvan” klubu elitaya qayıtmağa namizəddir. Premyer Liqada yenə bu komandaya rəhbərlik edə bilərsinizmi?
- İstərdim ki, “Karvan” yenidən elitaya dönsün. Məncə, komandanın belə bir potensialı var. Hazırda bu komandaya Zakir Mahmudov başçılıq edir. Mənin belə bir planım olmasa da, zamanın işini heç kim bilməz.

- Vaxtilə şərəfini qoruduğunuz milli komanda ilə bağlı hansı fikirdəsiniz?
- Milimiz son iki oyunda yaxşı təsir bağışlayıb. Belçikadan bir xal alıb, Qazaxıstanı udmaq yaxşı nəticədir. Fikrimcə, Qazaxıstanı evdə onsuz da udmalıydıq və bu oyunda sensasiya qeydə alınmadı.

- Necə düşünürsüz, Berti Foqtslu millimiz seçmə mərhələnin son iki oyununda da qələbə qazana biləcəkmi?
- Komandamız artıq təlim-məşq toplanışına başlayıb. Oktyabrın 7-də qarşılaşacağımız Avstriya milli komandasını doğma diyarda məğlubiyyətə uğrada bilərik. Komandamızın bunun üçün potensialı var. Amma Türkiyə ilə səfər oyunu bir qədər çətin olacaq. Hər halda, millimizə uğurlar arzulayıram. Əsas yığma nə qədər qələbə qazansa, futbol bir o qədər inkişaf edər.