Cəmşid Məhərrəmov: Təki axırıncı yox, axarıncı olsun - MÜSAHİBƏ
17.10.2011 - 17:00
Cəmşid Məhərrəmov: Təki axırıncı yox, axarıncı olsun - MÜSAHİBƏ
“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov apasport.az saytına müsahibə verib.

- Komandanız hesabat turunda “Sumqayıt-Şəhər” üzərində qələbə qazandı. Gənc, istəkli futbolçulardan təşkil olunan rəqiblə oyunda nə dərəcədə çətinlik çəkdiniz?
- Görüşün çətin keçəcəyini bilirdik. Çünki rəqib əzmkar, döyüşkən, çox işləyən komandadır. Odur ki, oyuna yaxşı səviyyədə hazırlaşmışdıq. Deyərdim ki, həddindən çox qol epizodları yaratdıq, amma bunların yalnız birindən yararlandıq. Rəqib azlıqda qaldıqdan sonra müdafiəyə oturdu. Onların bu taktikanı seçməsi bizim üçün yaxşı deyildi. Bütün bunlara baxmayaraq, əsas işin öhdəsindən gəldik, 3 xalı qazandıq.

- Rəqibin qapıçısı Andrey Papoviçin meydandan qovulmasını oyunu sınma nöqtəsi adlandırmaq olarmı?
- Belə deməzdim. Çünki biz “qırmızı”ya qədər də çox sayda qol epizodları yaratdıq. İnanmazdım ki, üç xalı əldən verək. Fikrimcə, onların azlıqda qalması əleyhimizə işlədi. Əgər 11 nəfərlə oynasaydılar, daha açıq futbol nümayiş etdirərdilər və bu, bizim üçün rahat olardı.

- Maris Verpakovskis bu oyunda Azərbaycanda ilk qolunu vurdu. Kapitan kimi, onun “ayağının açılması”nı necə dəyərləndirərsiniz?
- İnanıram ki, Maris qollarının davamını gətirəcək. Həqiqətən də, qol duyumu yüksək, oyunun axarını dəyişə bilən futbolçudur. İşinin, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilər. O, birinci qolunu vurdu. Təki axırıncı yox, axarıncı olsun.

- Nəzərə alaq ki, “Bakı” çempionluğa oynayır, iddiaları tam başqadır. Amma səfərdə debütant, son anda formalaşan “Sumqayıt-Şəhər”i 1:0 hesabı ilə üstələyir. Buna necə şərh verərsiniz?
- “Sumqayıt-Şəhər”i siz elə-belə komanda bilməyin. Heyətində yaxşı futbolçular var. 7-8 nəfər üzvü 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alır. Məncə, o komandaya tamamilə gənc də demək olmaz, artıq əksərinin 21 yaşı var. Onlarda get-gedə inkişaf baş verir. Bizimlə oyunda da sübut etdilər ki, bir-birlərinə yavaş-yavaş öyrəşirlər. Onlar əvvəlki oyunları ilə müqayisədə daha yaxşı çıxış etdilər. Bilirsiniz, çempionluğa oynayan komanda üçün qələbənin neçə top fərqi ilə qazanılmasının fərqi yoxdur. Zəif və ya yaxşı komandanı 1:0-da uda bilərsən, 5:0-da. Mən bir az geri qayıdım. Biz “ABN-Bərdə” ilə oyunda xalları yarı bölsək də, sonradan “Neftçi”ni 5:1 hesabı ilə üstələdik. Futbol sürprizlərə doludur. Əsas məsələ 3 xalı qazanmaqdır. Amma razı da deyiləm ki, biz bunu baxımsız oyunun sonunda əldə etdik.

- Komandanın vitse-prezident Zeynal Məmmədov “Bakı”nın tam yaxşı səviyyədə olmadığını deyir...
- Bu fikirlə razıyam. Komandada uyğunlaşma tam yox idi. Amma yaddan çıxarmayaq ki, komanda təzədir. Görün, heyətdə neçə dəyişiklik olub... Odur ki, oyunumuzu getdikcə tapırıq. Qarşıdakı oyunlarda özümüzü daha da yaxşı tərəfdən göstərməyə çalışacağıq.

- Komandanın hücum xətində problem var. Sizə elə gəlmir ki, Parks və Maris ancaq fərdi oyuna üstünlük verib, özləri qol vurmağa çalışırlar?
- Hər bir futbolçunun öz oyun stili var. Bu, xainlik deyil. Parks və Verpakovskis çox səviyyəli futbolçulardır. Hər ikisi istənilən vəziyyətdə oyunu öz üzərinə götürməyi bacarır. Sadəcə, ola bilər ki, bu bəzi epizodlarda alınsın, bəzi epizodlarda isə yox. Qarşıdakı oyunlarda daha da məhsuldar olacaqlar.

- Növbəti turda sizi lider “Xəzər Lənkəran”la oyun gözləyir. “Bakı”nın əsas gücünü bu oyunda görə biləcəyikmi?
- İnşallah, “Xəzər Lənkəran”la görüş bazamızda ilk oyunumuz olacaq. Bu, bizim birinci ev oyunumuz sayılır. Qarşılaşmaya ciddi hazırlaşırıq. Həmin görüşü 100 faizlik nəticə ilə sona çatdırmaq istəyirik. Heç kimdən zəif deyilik. Nə “Neftçi”dən, nə “Xəzər Lənkəran”dan, nə “Qarabağ”dan, nə də “İnter”dən həm futbolçu, həm maddi, həm də görülən işlər baxımından geridəyik. Hətta deyərdim ki, indiki vəziyyətdə şərait etibarı ilə “Bakı” hər bir rəqibini qabaqlayır.

- Nəzərə alaq ki, siz 9 oyunun yalnız birində uduzmuş “Xəzər Lənkəran”la görüşəcəksiniz...
- Düzdür, futbolda hər şey olur. Amma biz bu oyunda yaxşı nəticə qazanmalıyıq. Oyundakı qələbə yeni meydança, turnir cədvəli baxımından bizim üçün çox əhəmiyyətlidir.

- Lənkəran təmsilçisi ilə aranızda 7 xallıq fərq var. Siz meydan amilinə görə irəlidəsinizsə, “Xəzər Lənkəran”ın bu oyunda nə kimi üstünlüyü, özəlliyi var?
- “Xəzər Lənkəran” çox sakit oynayan komandadır, topla daha çox rəftar etməyi bacarırlar. Onların üstünlüyü kimi, dəqiq ötürmələrlə oynamasını göstərmək olar. Amma biz evdə oynayırıq və “Xəzər Lənkəran”la görüşün məsuliyyətini dərk edirik.