Kazbek Tuayev: Mərc edirəm, Rusiya yığmasına qalib gələcəyik
17.10.2011 - 17:19
Kazbek Tuayev: Mərc edirəm, Rusiya yığmasına qalib gələcəyik
“Milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində çıxışına nikbin baxıram. Hətta deyərdim ki, evdə Rusiya yığmasına qalib gələcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Kazbek Tuayev deyib.

Millimizə rəsmi oyunda ilk qələbəni qazandıran 71 yaşlı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi ilə bağlı maraqlı fikir səsləndirib. Belə ki, Tuayev qrupumuzun favoritlərindən olan Rusiya yığmasına öz meydanımızda qalib gələcəyimizə şübhə etmir: “Rusiya üzərində evdə qələbə qazanacağımızla bağlı mərc gəlməyə də hazıram. Oyunun 2:0 hesabı ilə xeyrimizə nəticələnəcəyin proqnoz verirəm”.

Maraqlıdır ki, təcrübəli çalışdırıcımızda bu inam hardandır? “Çünki Rusiya futbolu hazırda enişdədir, yaxşı oyunçuları yoxdur. Rusiya futbolu enişdə, biz isə yüksəlişdəyik. Biz ruslarla evdə heç-heçə etmişik. Deməli, bu nəticə artıq bizi qane etməməlidir və mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Rusiya ilə yanaşı, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığması ilə bir qrupa düşmüşük.