“Qarabağ” Bakıdan gedir
17.10.2011 - 20:01
“Qarabağ” Bakıdan gedir
“Quzanlıdakı stadionun qazonu indi yaxşı vəziyyətdədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Cari mövsümdən etibarən ev oyunlarını Ağdamdakı Quzanlı Olimpiya İdman kompleksində keçirən “Qarabağ” qazonun yaxşı durumda olmamağını əsas gətirərək, son iki matçını paytaxtda keçirdi. Belə ki, əyalət təmsilçisi Quzanlıda qarşılaşmalı olduğu “Xəzər Lənkəran” və “Turan”ı paytaxtda qonaq etdi.

Lənkəran təmsilçisi ilə matç Suraxanıdakı Tofiq İsmayılov adına, “Turan”la görüş isə Mərdəkandakı “Dalğa Arena” baş tutub. Artıq Quzanlıdakı arenanın qazonunun normal olduğunu deyən klub rəsmisi növbəti ev oyununu orada keçirəcəklərini vurğulayıb: “İnşallah, növbəti ev oyunumuzu Quzanlıda oynayacağıq. Ot istənilən vəziyyətdədir. Stadionun qazonu müəyyən səbəblərdən bərbad vəziyyətə düşmüşdü. Bu işlərə cavabdeh olan mütəxəssisimiz var”.

Bir müddət əvvəl Olimpiya Kompleksinin stadionunda oturacaqların artırılması istiqamətində müəyyən işlərin görüləcəyi deyilirdi. Lakin Çəlikləl bunu gələn il baş tutacağını bildirib: “Oturacaqların sayının artırılması planda var. Lakin bu məsələyə gələn il diqqət ayıracağıq”.

Klub rəsmisi Suraxanıdakı stadionda da təmir işlərinin aparılacağını deyib: “Quzanlıda oynamağa başladıqdan sonra Suraxanıdakı stadionun ot örtüyünə əl gəzdiriləcək. Hazırda həmin stadionda örtük heç də yaxşı vəziyyətdə deyil”.