Mahir Şükürov: Bizim hakimlər vərəqəni tərsinə göstərirlər
18.10.2011 - 11:20
Mahir Şükürov: Bizim hakimlər vərəqəni tərsinə göstərirlər
“Artıq azarkeşlər də bilirlər ki, bizdə hakimlər futbolçulara sarı və qırmızı vərəqələri necə göstərirlər. Onlar bizim normal futbol oynamağımıza mane olurlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Mahir Şükürov deyib.

Cari mövsümün əvvəlində etdiyi hərəkətə görə qırmızı vərəqə alıb, 3 oyunu buraxmaq məcburiyyətində olan Şükürovun komandasında daha bir futbolçu cəzalandı. Hesabat turunun “Kəpəz”lə görüşünün 44-cü dəqiqəsində Bruna da Silva ikinci sarı - qırımızı vərəqə ilə meydandan qovuldu. Həmin epizodu şərh edən Şükürov hakimlərdən narazı qaldığını bildirib: “Həmin epizodda ikinci sarı verilməməli idi. Top Ceyhun Sultanovun əlinə dəymişdi. Ancaq bizim hakimlər vərəqini tərsinə göstərirlər. Danışanda da deyirlər ki, Mahir yenə şikayət edir”.

Millinin Türkiyə ilə İstanbuldakı qarşılaşması haqda danışan təcrübəli futbolçu əcnəbi və yerli hakimləri müqayisə edib: “Həmin oyunda hakim elə epizodları buraxırdı ki, futbolçu istər-istəməz həvəslənib, oynayırdı. Ancaq bizdə tez-tez fit verməklə, oyunun tempini öldürürlər, imkan vermirlər ki, rahat oynayasan. Bir söz də deyəndə, cavab verirlər ki, UEFA-nın kitabında belə yazılıb. Bizdə bütün klublar hakimlərdən narazıdırlar”.

Şükürov son vaxtlar uğursuz çıxışlarına da aydınlıq gətirib: “Kəpəz” üzərində qələbə sayəsində komanda toparlandı. Futbolda belə uğursuz oyunlar olur. Heç kim mütləq qələbə qazanacağına təminat vermir. Əsas odur ki, klub rəhbərliyi, baş məşqçi komandaya dəstək olur, bizə inanır”.