Samir Zərgərov: Mənə verilən cəza çox ağırdır
18.10.2011 - 13:14
Samir Zərgərov: Mənə verilən cəza çox ağırdır
“AFFA-nın İntizam Komitəsinin çıxardığı qərardan xəbərim var. Məni 4 oyunluq cəzalandırmaları ilə heç cür barışa bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun üzvü Samir Zərgərov deyib.

Zərgərov “Neftçi” – “İnter” oyununda “texniki zona” qaydalarını pozduğu üçün baş hakim Elçin Məmmədov tərəfindən tribunaya göndərilib. AFFA futbolçunun hərəkətini müzakirə edərək, bu gün onunla bağlı qərar çıxarıb. Belə ki, futbolçu 4 oyunluq cəzalandırıldığı halda, klubuna 4 min manat cərimə kəsilib.

Zərgərov isə cəza qarşılığında ciddi qayda pozuntusu etmədiyini deyib: “Mən digər komanda yoldaşlarım kimi, hakimin qərarına etiraz etdim. Ağzımdan heç bir söyüş çıxmayıb. Baş hakim Elçin Məmmədov birbaşa üstümə gəlib, məni qovdu. Məmmədovla heç bir şəxsi qərəzliyim yoxdur. Amma mənə verilən cəza çox ağırdır. Karyeram boyunca qırmızı vərəqə almamışdım, bilmirəm bunlar niyə belə etdi?”

Futbolçu cəzanın yüngülləşdirilməsi ilə bağlı AFFA-nın Apelyasiya komitəsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Elçin Məmmədov həmin görüşdə “Neftçi” klubunun üzvü Ruslan Abışov da qırmızı vərəqə ilə cəzalandırılıb.