Fərhad Vəliyev: Gündəmdən düşürəm
18.10.2011 - 23:06
Fərhad Vəliyev: Gündəmdən düşürəm
“Ehtiyatda qalsam da, məşq edirik, hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

Bir vaxtlar millinin əsas qapıçısı olan Vəliyev artıq yaşıl meydanlarda nadir hallarda görünür. Demək olar 1 ilə yaxındır futbolçu “Qarabağ”ın əsas heyətində meydana çıxmır. Zədəli olmadığını bildirən qolkiper oynamadığına görə, narahatçılığını da gizlətmir: “Şansımızı gözləyirik. Oynadıq-oynamadıq, ürəyimiz klubla döyünür. May ayınadək müqaviləm var”.

Futbolçu “Turan”la ötən il keçirilən oyunun onun üçün düşərli olmadığını vurğulayıb: “Ötən mövsümün II dövrəsində “Turan”la oyunda başımdan zədə aldım. 20 gün yaşıl meydanlardan kənarda qaldım. Həmin vaxtdan ehtiyata düşdüm, yenə də ehtiyatdayam. Amma gələcəyə ümidlə baxıram”.

Həmkarı Boyan Pavloviç haqda da danışan Vəliyev serb qapıçıdan zəif olmadığını deyib: “Özümü Pavloviçdən qətiyyən zəif saymıram. Heç bir komponentdə ona uduzmuram. Sadəcə, bu, baş məşqçinin qərarıdır. Heç kim istəməz ki, ehtiyatda qalsın”.

Özünü başqa klubda sınamaq haqda hələ düşünmədiyini deyən qapıçı mövsümün sonunda rəhbərliklə masa arxasına əyləşəcəyini vurğulayıb: “Oynamadıqca, oyun təcrübəsi azalır, gündəmdən düşürəm. Ancaq ümidliyəm. Gələcəkdə yaxşı günlərimi geri qaytaracağıma inanıram”.