Federasiyanın baş katibi: Starkov məsələni “Bakı” ilə həll etməlidir
19.10.2011 - 10:51
Federasiyanın baş katibi: Starkov məsələni “Bakı” ilə həll etməlidir
“Biz gözləyirik ki, Aleksandr Starkov rəhbərlik etdiyi “Bakı” klubu ilə məsələni həll etsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviya Futbol Federasiyasının baş katibi Yanis Mejeçkis deyib.

O, milli komandanın baş məşqçisi məsələsinə hələ aydınlıq gəlmədiyini bildirib. Federasiya rəsmisi Azərbaycanda “Bakı” klubunu çalışdıran Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovla müqavilənin uzadılmasının tərəfdarı olduğunu açıqlayıb. Lakin bunun üçün mütəxəssisin 2 yerdə çalışmasına artıq narazılıq edən “Bakı” ilə ortaq məxrəcə gəlinməlidir: “Yəqin ki, ilin sonuna kimi məsələ öz həllini tapacaq. Hər şey Starkovun “Bakı”dakı fəaliyyətindən asılıdır. O, klubu ilə Azərbaycanda uğur qazanmalıdır. Biz də bunu gözlədiyimizdən başqa namizdələrə heç baxmırıq da. Mən də onun baş məşqçi olmasının tərəfdarıyam. ”

Mejeçkis onu da qeyd edib ki, Latviya yığması bu il yoldaşlıq oyunu keçirməyəcək: “Bir neçə variantımız var idi. Lakin ilin sonunda əksər futbolçular istirahətdədir. Onlara mane olmaq istəmirik”.

Mejeçkis əsas yığmadan fərqli U-21-lə bağlı namizədin olduğunu bildirib. Belə ki, bu yığmaya hollandiyalı Anton Yorenin gətirilməsi istiqamətində işlərə start verilib.