İsgəndər Cavadov: Əşşi, nə bilim e, özləri bilər
19.10.2011 - 14:12
İsgəndər Cavadov: Əşşi, nə bilim e, özləri bilər
“Hesab edirəm ki, Vaqif barəsində çıxarılan qərar səhvdir. Onu 1-2 il əvvəl tərifləyirdilər, indi də ağır cəzalandırırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

Veteran futbolçu Azərbaycan millisinin üzvü olan qardaşı oğlu Vaqif Cavadovun AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan 1 illik cəzanı ağır sayır. O, ümumiyyətlə bu vəziyyətdə cəzalanmağı düzgün hesab etmir: “Vaqif uşaqdır, zəifləyib, səhv edib, nəsə deyib. Elə etmək lazımdır ki, səhvini başa düşüb, nəticə çıxarsın, gələn dəfə belə söz deməsin. Onu başa salsaydılar, belə hərəkəti bir daha etməzdi. Bir də ki, Türkiyə ilə oyunda millimizə vacib xal lazım deyildi ki, deyəsən Vaqif olmadı, komanda ona görə məğlub oldu. Onsuz da yığma uduza-uduza gedir. Nəticəyə görə tək futbolçu cavabdeh deyil axı”.

Cavadov yaxşı hücumçularımızın azlığını qabardır: “Başqa hücumçu var ki... 4-5 yaxşı hücumçumuz olsaydı, yenə deyərdin ki, Vaqifi layiqincə əvəzləyən olacaq. Futbolçuya ağsaqqallıq edib, onu nəsihət vermək lazımdır. Həyatdır, hər bir insan səhv edir. Foqts Almaniyada olsaydı, oradakı ulduz futbolçu belə hərəkət etsəydi, onu belə cəzalandırardılar? Yox, heç məsələsinə baxmazdılar. Bizdə isə hər şey tərsinədir. Onsuz da futbolçumuz, hücumçumuz yoxdur, oynayanın da qarşısını alırlar. Pislik etmək lazım deyil. Vaqifə xəbərdarlıq etmək olardı”.

Cavadovun İcraiyyə Komitəsi üzvü olduğunu nəzərə alsaq, fikirlərini, narazılığını orada deyə bilər. Hər halda, qurumun yaxın vaxtda iclası keçiriləcək və əsas müzakirə mövzusu milli komanda olacaq: “Əlbəttə, həmin iclasda fikrimi bildirərəm. Soruşaram ki, niyə belə qərar çıxarılıb. Biz olan futbolçularımızı da itiririk. Vaqif hazırda Rusiyanın “Volqa” klubunda oynayır, 3-4 il Azərbaycana gəlməyəcək. Bəlkə bu cəzadan sonra heç gəlmədi. Bu gün belə qərar çıxarırlar, sabah da Vaqif Rusiyada yaxşı oynadı. Həmin vaxt millimizə lazım olub, çağırmaq fikrinə düşəcəklər. Onda belə çıxır ki, qərarı ləğv etməyə məcbur olacaqlar. Onda Vaqif gəlmək istəyəcəkmi? Əşşi, nə bilim e, özləri bilər”.

Vaqif oktyabrın 7-də Avstriya yığmasına 1:4 hesabı ilə uduzduğumuz ev oyununun 2-ci hissəsində əvəzləndikdən sonra buna narazılığını baş məşqçi Berti Foqtsa bildirmiş və sonradan yığmanı düşərgəsini özbaşına tərk etmişdi. Nəticədə Cavadov millimizin Türkiyə ilə səfər oyununa yollanan heyətində yer almadı. AFFA-nın məsələni araşdırandan sonra çıxardığı qərarda həmçinin göstərilib ki, Vaqif cəza müddətində Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam Qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənar qalacaq, onu transfer edəcək klubumuz isə 5000 manat cərimə ödəyəcək.

Qeyd edək ki, Vaqif 2009-cu ildə milli komandamızın ən yaxşı futbolçusu seçilərək, AFFA-nın mükafatına layiq görülmüşdü.

Mehman SÜLEYMANOV