Şahin Diniyev yenidən “Terek”də!
19.10.2011 - 23:07
Şahin Diniyev yenidən “Terek”də!
“Pro kateqoriyası almaq üçün iştirak etdiyimiz kursun ikinci mərhələsi arxada qalıb. Tələb belədir ki, lisenziyanı alanadək 2 əcnəbi klubun düşərgəsində olmalıyam. Artıq həmin komandaları müəyyənləşdirmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

O bildirib ki, öncə Ukraynaya yollanacaq: “Bu ay Arif Əsədovla birgə Kiyev “Dinamo”sunun düşərgəsində olacağıq. Seçim imkanı öz əlimizdə olduğundan istənilən əcnəbi klubun düşərgəsinə yollana bilərik. “Dinamo”ya yollanmağımızda heç bir problem yoxdur”.

Pro lisenziyası məşqçilərə gələn ilin fevral ayında veriləcək. Diniyev də məhz həmin ərəfədə digər əcnəbi klubun düşərgəsinə baş çəkəcək: “Bu, çox güman ki, “Terek” klubu olacaq. Rusiya Premyer Liqasında mübarizə aparan klubda dostlarım var. Bildiyimə görə, onlar qış fasiləsində Antalya şəhərində hazırlıq keçəcəklər. Mən də həmin vaxtda bu klubun düşərgəsinə yollanmağı düşünürəm. Əlbəttə ki, son anda ciddi bir hadisə baş verməsə”.

Diniyev “Terek” klubunda həm köməkçi, həm də baş məşqçi kimi fəaliyyət göstərib. O, məhz bu klubdan ayrıldıqdan sonra işsiz qalıb.