Millimizin üzvü “Barselona”dan çəkinmir
19.10.2011 - 23:03
Millimizin üzvü “Barselona”dan çəkinmir
“Artıq Avropa çempionatının elit-raundunun hazırlığına başlamışıq. Hər gün məşqlərimizi davam etdirib, mötəbər turnirə hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının və Naxçıvanın “Araz” klubunun üzvü Rəcəb Fərəczadə deyib.

Komandasının rəqiblərini dəyərləndirən futzalçının fikrincə, “Eyndhoven” və “Era Park Xrudim” güclü olsalar da, keçilməz deyillər: “Amma digər bir rəqibimiz “Barselona” dünyanın ən möhtəşəm klubudur. Demək olar ki, İspaniya və Braziliya yığmalarının ən güclü futzalçıları bu komandada qərarlaşıblar. Deyərdim ki, oyunlar çox çətin və gərgin keçəcək”.

Vaxtilə böyük futbolda da çıxış etmiş Fərəczadə “Barselona”dan çəkinmədiklərini deyib: “İspaniya klubunun adı bizi qorxutmur. Onların futzal komandası da, futbol komandaları kimi əzəmətlidir. Bu, danılmaz faktdır. Amma biz Barselonadan çəkinmirik. Çıxıb öz oyunumuzu nümayiş etdirəcəyik”.

Azərbaycan çempionu imtahana noyabrın 17-də Hollandiyanın "Eyndhoven" klubu ilə oyunla başlayacaq. 1 gün sonra isə rəqibimiz Çexiyanın "Era Park Xrudim" komandası olacaq. “Araz” son oyununu “Barselona”ya qarşı keçirəcək.

Qeyd edək ki, “Araz”ın baş məşqçisi Joze Alesio da Silva vaxtilə “Barselona”nın şərəfini qoruyub.