Höccət Hacıyev: Belə stadionda oyun keçirmək düzgün deyil
19.10.2011 - 23:05
Höccət Hacıyev: Belə stadionda oyun keçirmək düzgün deyil
“İstərdik ki, oyunlar elə stadionlarda keçirilsin ki, həmin yerdə azarkeşlərin matçı izləməsi üçün normal şərait olsun”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev deyib.

Premyer Liqanın X turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu dəfə fərqli məkanda meydana çıxacaq. Belə ki, rəqibi ilə paytaxtda adətən Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşan “ağ-yaşıllar” sabah “Bakı”nın bazasında bu komandanın qonağı olacaq.

Ancaq paytaxt təmsilçisinin bazasındakı oturacaqların sayı çox azdır. Bu da “ağ-yaşıllar”ın azarkeşləri üçün problem yarada bilər. Klub rəsmisi də bunu istisna etmədi: “Azarkeşlərsiz oynamağın mənası yoxdur. “Bakı”nın bazasında isə oturacaqların sayı çox azdır. Heç olmasa, onların sayını artırmaq lazımdır. Əslində, belə məkanlarda Premyer Liqa oyunları keçirmək düzgün deyil. Azarkeşlər stadiona gəlirsə, onlara yer lazımdır. Baxacağıq, heç olmasa ayaq üstə yer olsa, baxarlar. Bilirsiniz ki, bizim paytaxtdakı oyunlarımıza ən azı 2-3 min azarkeş gəlir. Biz özümüzlə 100 nəfər azarkeş gətirəcəyik. Stadionda oturacaqların sayı isə bildiyimə görə 600 nəfərlikdir. Biz digər azarkeşlərə “gəlməyin” desək də, xeyri olmayacaq. Onsuz da gələcəklər. Əlbəttə, yer az olduğu üçün çətinliklər olacaq. Rahat baxmaq olmayacaq. Belə vəziyyətdə nəticədən asılı olaraq, təhlükəli anlar da yaşana bilər. Bunları nəzərə alacağıq”.