“5 oyunluq cəza çox deyil, 5000 manatı isə Vaqif özü ödəyə bilər”
19.10.2011 - 15:28
“5 oyunluq cəza çox deyil, 5000 manatı isə Vaqif özü ödəyə bilər”
“Mən Vaqifinin cəzalanacağını gözləyirdim. Çünki belə hərəkət cəzasız qalmamalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

29 yaşlı müdafiəçi Vaqif Cavadovun Avro-2012-in seçmə mərhələsində Avstriya ilə ev oyunundan sonra özbaşına millinin düşərgəsindən getməyinə haqq qazandırmır: “Buna oxşar hadisə son dünya çempionatında da olmuşdu. Onda Fransa yığmanın futbolçuları buna oxşar hərəkət etmişdilər. Fransalı futbolçular qrup şəklində imtina etmişdi ki, bu çox pisdir. Vaqif isə bunu tək edib və əsəbiləşərək, fikrini bildirmişdi. 1 illik cəza verilib və bunun düz, yaxud səhv olduğunu müzakirə edib, kiminsə işinə qarışmaq istəmirəm”.

Sadıqov kapitan kimi Cavadovun bağışlanıb, cəzasının yüngülləşdirilməyi ilə bağlı komanda adından müraciət etməsinə belə münasibət bildirib: “Millinin 4-5 oyunundan sonra baş məşqçi ilə söhbət olsa, bağışlana bilər. Ancaq bunda Vaqifin özündən, açıqlamalarından, münasibətindən, üzrxahlığından çox şey asılı olacaq. Çünki desə ki, mən bu baş məşqçinin rəhbərliyi altında çıxış etmək istəmirəm, bağışlanmağı mümkün olmayacaq. Ümumiyyətlə, indi bu müraciətin yeri yoxdur. Hər şeyi gələcək göstərəcək”.

“Qarabağ”ın futbolçusu olan Rəşadın çıxış etdiyi Premyer Liqamızla bağlı məqam da Vaqiflə bağlı çıxarılan qərarda yer alıb. Yəni Cavadovu bu 1 illik cəza müddətində transfer edən klub ona görə 5000 manat cərimə ödəməli olacaq, futbolçu 5 təqvim oyunundan kənarda qalacaq. Müdafiəçi bunu normal qarşılayır: “5 oyunu elə böyük cəza saymıram. Çünki onsuz da heç bir futbolçu mövsümün bütün oyunlarını, 30 matçını keçirmir. Bu, adətən 20-25 oyun olur. Ona görə 5 oyunluq cəza çox deyil. 5000 manat cəriməni isə Vaqif özü ödəyə bilər. Ümumiyyətlə, kollektiv idman növlərində belə hərəkət edənlərə cəza olmalıdır ki, başqalarına təsir eləsin və hamı nəticə çıxarsın”.

Mehman SÜLEYMANOV