Ən pis göstərici
20.10.2011 - 09:56
Ən pis göstərici
Azərbaycan millisi FİFA reytinqində antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamızın son açıqlanan sıralamada 20 pillə (97-dən 117-yə) geriləməyi 1994-cü ilin iyulundan yer aldığı reytinqdə ən böyük enişi oldu. Yəni komandamız arxada qalan 17 ildə belə aqibətlə üzləşməmişdi.

Berti Foqtsun baş məşqçisi olduğu millimiz Avro-2012-in seçmə mərhələsinin son 2 oyununda məğlubiyyətdən (Avstriyaya evdə 1:4, Türkiyəyə səfərdə 0:1) sonra reytinqdə belə aşağı göstəriciyə imza atdı.

Maraqlıdır ki, buna qədər ən böyük geriləmə də 65 yaşlı almaniyalı çalışdırıcının vaxtına təsadüf edib. Belə ki, 2008-ci ilin mart reytinqində 119-cu olan komandamız apreldə 18 pillə geriləyərək, 137-ci yerə düşdü. Həmin ay Foqts yığmamızın baş məşqçisi kimi təyin olundu və “siftə”sində belə uçuruma yuvarlanan komandanı qəbul edən təcrübəli mütəxəssis onu sonradan reytinqdə 90-cı pilləyə kimi yüksəldə bildi. Bu, konkret olaraq ötən ilin noyabrında reallaşdı və millimizin tarixində hələ ki ən yaxşı göstəricidir.

Qeyd edək ki, yığmamızın ən böyük irəliləyişi 2007-ci ilin mart-aprel reytinqlərində olub. Martın 28-də Şahin Diniyevin çalışdırdığı komandamız evdə rəsmi oyunda Finlandiyaya qalib gəldi (1:0) və növbəti ayda 123-dən 103-ə, yəni birdən-birə 20 pillə qalxdı.