AFFA-dan bombardir üçün hədiyyə - FOTO
20.10.2011 - 12:36
AFFA-dan bombardir üçün hədiyyə - FOTO
“Kapital Bank U-15 Liqa”nın 2010/2011-ci il mövsümünün bombardiri (21 qol) olmuş Fəhmin Muradbəyli bu gün AFFA tərəfindən mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Ayaz Süleymanov çıxış edib.

O, rəhbərlik etdiyi məktəbin şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib və tədbirin məhz məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Baş katib Elxan Məmmədov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, “Kapital Bank U-15 Liqa”nın da belə turnirlərdən olduğunu deyib. “Kapital Bank U-15 Liqa”da ötən mövsüm ən çox qol vurmuş Fəhmin Muradbəylini təbrik edən baş katib, 277 saylı idman təmayüllü tam orta məktəbin kollektivinə təşəkkürünü bildirib.

Çıxışlar başa çatdıqdan sonra “Neftçi” klubunun üzvü olan Fəhmin Muradbəyliyə AFFA-nın hədiyyələri təqdim olunub.

Sonda Elxan Məmmədov bildirib ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən 277 saylı idman təmayüllü tam orta məktəbin ərazisində süni örtüklü meydança quraşdırılaraq şagirdlərin istifadəsinə veriləcək.