Kaxaber Sxadadze: Azərbaycanda rekord, Premyer Liqada yubiley
20.10.2011 - 13:33
Kaxaber Sxadadze: Azərbaycanda rekord, Premyer Liqada yubiley
Premyer Liqanın X turunun “İnter” – “Qəbələ” oyunu meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 43 yaşlı gürcüstanlı mütəxəssis Azərbaycandakı karyerasında 126-cı matçına çıxacaq.

Bu isə əcnəbi baş məşqçilərin Azərbaycan klublarındakı rekordunun təkrarıdır. İndiyədək yalnız ukraynalı Roman Pokora bu qədər qarşılaşmada iş başında olmuşdu. 2006-cı ilin yayından 2010-cu ilin yayına kimi “Simurq”u çalışdıran Pokora komandasını 108 çempionat, 16 kubok və 2 avrokubok matçına çıxarmışdı.

2008-ci ilin yanvarından dekabrına kimi “Standard”ı, 2009-cu ilin yayından “İnter”ə rəhbərlik edən Sxadadze 2 komandanın üst-üstə 16 kubok, 6 “Birlik kuboku” və 4 avrokubok matçında iş başında olub. Azərbaycan Premyer Liqasında 99 dəfə meydana komanda çıxaran gürcüstanlı “Qəbələ” ilə matçda həm də yubiley, 100-cü çempionat matçının iştirakçısı olacaq.

Qeyd edək ki, indiyədək Pokora və Sxadadzedən başqa Azərbaycan çempionatında 100 oyun həddini heç bir əcnəbi məşqçi aşmayıb. Ümumilikdə bütün turnirlərdə isə 100 oyunu keçmək Valentin Xodukin (113) və Qyoko Hacıyevskiyə (101) də nəsib olub.