Rauf Əliyev: Sabah qol vurub, yenidən diqqət mərkəzinə düşəcəyəm
20.10.2011 - 14:29
Rauf Əliyev:  Sabah qol vurub, yenidən diqqət mərkəzinə düşəcəyəm
“Dünəndən Zaqataladayıq. “Rəvan”la qarşılaşmanın son dəqiqəsində buraxdığımız qol və itirdiyimiz 2 xal bizi mütləq qələbə qazanmağa vadar edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.

Premyer Liqanın X turu çərçivəsində sabah Zaqatalada yerli “Simurq”un qonağı olacaq Ağdam təmsilçisi 3 xal qazanmaq haqda düşünür. Ancaq bu da faktdır ki, “ağ-qaralar” mükafatlar uğrunda mübarizə aparmayan komandalarla oyunlarda büdrəyir. “Sumqayıt Şəhər”lə qolsuz, “Rəvan”la 1:1 hesablı heç-heçələr buna misaldır.

Futbolçu həmin görüşlərdə bəxtsizlikdən şikayətlənib: “Xal itirməmişik, sadəcə, bəxtimiz gətirməyib. Qol vurmalı olduğumuz epizodlarda rahat davranmağımız sonda bu aqibəti yaşamağımıza gətirib çıxarıb. Sanki özümüz-özümüzü cəzalandırırıq”.

Son oyunlarda fərqlənə bilməməsinin səbəbini zədəli olması ilə izah edən Əliyev buna son qoymaq haqda düşünür: “Ötən ay az oynadım. Zədəli olduğum üçün bir neçə matçı buraxdım. Sabah qol vurub, yenidən diqqət mərkəzinə düşəcəyəm. Çempionluq yolunda çətin oyunlarımızdan biri olacaq. Rəqib müdafiədə inamlı təsir bağışlayır. Hər dəfə peşmançılıq çəkirik. İtirdiyimiz xalları mövsümün sonunda axtarırıq. Ancaq bu dəfə belə olmayacaq”.