Bakıya vəsiqə üçün final
22.10.2011 - 13:30
Bakıya vəsiqə üçün final
Futzal üzrə DÇ-2014-ün Avropa zonası üzrə ilkin seçmə mərhələsinin ilk 2 turu arxada qalıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə birbaşa əsas seçmə mərhələdən başlayacaq Azərbaycan milli komandasının rəqibinin müəyyənləşəcəyi E qrupunda hər şeyə son tur aydınlıq gətirəcək.

5-ci seçmə qrupunda yığmamız, həmçinin Ukrayna və Xorvatiyaya rəqib olacaq 4-cü komandanın adı sabah baş tutacaq Fransa - Rumıniya matçında müəyyənləşəcək. Hər 2 komanda əvvəlki qarşılaşmalarda inamlı qələbə qazanmaqla hesabını 6 xala çatdırıb.

Bakıda keçiriləcək qrup oyunlarına çıxmaq baxımında final əhəmiyyəti kəsb edən görüşdə Rumıniyanı heç-heçə də qane edir. Belə ki, onlar Çernoqoriya və İsveçrə ilə matçlarda daha yaxşı top fərqinə malikdir – 12:3. Fransalılar isə 1 qol az vurduqlarından (11:3) mütləq qələbə qazanmalıdır.

Qeyd edək ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.