Vladislav Qədirov: Mən qalib heyəti dəyişməyi düşünmürəm
24.10.2011 - 15:08
Vladislav Qədirov: Mən qalib heyəti dəyişməyi düşünmürəm
“Biz qısa müddət ərzində yaxşı işlər görmüşük. Komanda 4 oyunda uduzmamaqla, gücünü ortaya qoyub. İnanırıq ki, yaxşı günlərimiz hələ qabaqdadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Qədirov baş məşqçi postuna gəldikdən sonra komanda keçirdiyi 4 oyunun 3-də qələbə qazanıb, yalnız birində xal itirib. O bildirib ki, komandanın bu uğuru rəhbərlik tərəfindən cavabsız qalmayıb: “Bizim rəhbərlik tərəfindən onsuz da problemimiz yox idi. Komandanın üzvləri maaşlarını alır, eyni zamanda son nəticələrə görə mükafata da layiq görülüblər. Amma ümumi mükafatın nə qədər olduğunu sizə deyə bilməyəcəyəm. Bizim işimiz futbol oynamaqdır”.

Gənc mütəxəssis heyətdə ciddi dəyişikliklər həyata keçirməsə də, klubla müqaviləsi qüvvədə olan, lakin sabiq baş məşqçi Bəhmən Həsənovun ehtiyac görmədiyi bir futbolçunu – Abu Kanunu yenidən kollektivə cəlb edib.

Sierra Leonedən olan 20 yaşlı yarımmüdafiəçinin adı Peşəkar Futbol Liqası tərəfindən iştirak ərizəsinə də salınıb. Qədirov bildirib ki, Kanu heyətə düşmək üçün hələ çox çalışmaldır: “Mən qalib heyəti dəyişməyi düşünmürəm. Baxın, Taqim Novruzov hazırda özünə yer axtarır. Sözüz ki, heyətdə güclü rəqabətin tərəfdarıyam. Artıq Kanunu da komandaya qaytarmışıq. O, məşqlərə qatılır, oynayıb-oynamaması özündən asılıdır”.

Qeyd edək ki, “Rəvan” növbəti turda çempionluğa iddialı “İnter”lə münasibəti ayırd edəcək.