Elçin Məmmədovun səhvi təsdiqləndi, “Bakı” sanksiya ilə hədələndi
25.10.2011 - 12:05
Elçin Məmmədovun səhvi təsdiqləndi, “Bakı” sanksiya ilə hədələndi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda əsas müzakirə mövzusu Premyer Liqanın X turunun “Bakı”– “Xəzər Lənkəran” matçında baş verən hadisələr olub.

Qarşılaşmanın 73-cü dəqiqəsində meydandan qovulan Cəmşid Məhərrəmov (“Bakı”) 1 oyunluq cəzalanıb, komandası isə 200 manat cərimə olunub. 90+3-cü dəqiqədə “Xəzər Lənkəran”ı azlıqda qoyan Alim Qurbanov da eyni cəza alıb.

Matçın 65 və 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün “Bakı” 2000 manat cərimə ödəyəcək. 83-cü dəqiqədə məşqçi Novruz Əzimov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və “zolaqlılar”ı 1000 manat ziyana salıb.

Matçda Premyer Liqanın himni ifa olunmadığı üçün “Bakı”ya xəbərdarlıq edilib. Analoji hadisənin təkrarlanacağı təqdirdə, kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

Stadionda “Xəzər Lənkəran” azarkeşləri yerləşən sektorda 4 ədəd oturacaq sındırılıb. Bu səbəbdən “ağ-yaşıllar” dəymiş zərərə uyğun “Bakı”nın təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

“Neftçi” ilə görüşün 90+3-cü dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün “Kəpəz” 2000 manat cərimə olunub.

AZAL – “Rəvan” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək. Matçın 60-cı dəqiqəsində “Rəvan”ın üzvü Con Peluya simulyasiyaya görə sarı vərəqə göstərilib.

Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yanlış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv olunub. Bununla, baş hakim Elçin Məmmədovun səhv etdiyi təsdiqlənib və aradan qaldırılıb.

“Turan” – “Sumqayıt Şəhər” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.