Asiyalı baş katiblər “Neftçi” – “Qarabağ” oyununda
25.10.2011 - 12:42
Asiyalı baş katiblər “Neftçi” –  “Qarabağ” oyununda
AFFA-nın dəvəti ilə 4 ölkənin futbol federasiyasının baş katibləri Azərbaycana səfər ediblər. Apasport.az saytının məlumatına görə, Türkmənistandan Meret Satılov, Qırğızıstandan Nurtazin Cetibayev, Tacikistandan Şirali Davlatov və Özbəkistandan Sərdor Raxmatullayev Bakıya gəlib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və adları qeyd olunan federasiyalarda müvafiq vəzifədə çalışan qonaqlar arasında görüş keçirilib. Görüşdə futbolun inkişafı ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Bu il iyunun 9-dan 16-dək olan müddətdə Bakıda AFFA tərəfindən keçirilmiş “Caspian Cup” turnirinin yüksək səviyyədə təşkil olunduğu xüsusi vurğulanıb, turnirin növbəti mövsüm üçün planı müzakirə olunub. Müzkirələrdə UEFA nümayəndəsi də iştirak edib.

Səfər proqramı çərçivəsində qonaqlar AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”ya gedərək kütləvi futbola həsr olunmuş tədbirlərlə tanış olacaq, həmçinin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək Premyer Liqanın I turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyununu izləyəcəklər.