“Barselona”da hamı “Qızıl top”a namizəddir
25.10.2011 - 13:11
“Barselona”da hamı “Qızıl top”a namizəddir
Sabah dünyanın ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adları açıqlanacaq. Apasport.az saytının məlumatına görə, mükafatın təsisçiləri olan FİFA və məşhur “France Football” nəşri 50 futbolçunun siyahısını açıqlayacaq.

Ancaq indidən ora daxil olan bəzi futbolçuların adları məlum olub. Belə ki, siyahıda daha çox “Barselona”nın üzvləri yer alıb. Həmin 9 futbolçu – ispanlar Xavi Ernandes, Andreas İnyesta, Sesk Fabreqas, David Vilya, Karles Puyol, Herard Pike, argentinalı Lionel Messi, braziliyalı Dani Alves və fransalı Erik Abidaldır.

İtaliyanın “İnter” klubunu Rusiya “Anji”sinə daşıyan kamerunlu hücumçu Samuel Eto’O da “Qızıl top”a iddialıdır. İtaliyanın siyahıda yeganə təmsilçisi isə elə də məşhur olmayan futbolçu, “Udinze”nin hücumçusu Antonio Di Natale olacaq.

Qeyd edək ki, ən yaxşı “üçlük”lə mükafatın sahibinin adı dekabrın 5-də açıqlanacaq.