“Xəzər Lənkəran”ın seriyası 303 gündən sonra qırıldı
26.10.2011 - 09:43
“Xəzər Lənkəran”ın seriyası 303 gündən sonra qırıldı
Azərbaycan Premyer Liqasının X turunda “Xəzər Lənkəran”ın uğurlu seriyalarının biri qırılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionatlarında 21 matç idi ki, komanda 1 oyunda 2 və ya daha çox qol buraxmırdı. Buna sonuncu dəfə ötən il dekabrın 22-də təsadüf olunmuşdu.

Lənkərana qonaq qismində gələn “Qarabağ” “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub edəndən sonra heç kim Mirça Rednikin yetirmələrinə 1-dən artıq qol vurmurdu. “Bakı” ilə matçda isə bu seriyaya son qoyuldu. 303 gün ərzində baş tutan 21 çempionat matçında 8 dəfə qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” digər 13 görüşün hərəsində 1 top buraxmışdı.

Qeyd edək ki, Lənkəran təmsilçisi Rednikin rəhbərliyi altında keçirilən 42 çempionat oyununda cəmi 3-cü dəfədir 1-dən artıq qol buraxılır. “Bakı” və “Qarabağ”dan başqa, “Gəncə” ilə səfər oyununda belə hal qeydə alınmışdı – 1:4.