AFFA milli komandaya yeni rəqib tapdı - “FC Union Berlin”
26.10.2011 - 14:58
AFFA milli komandaya yeni rəqib tapdı - “FC Union Berlin”
AFFA FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində milli komandaya yeni rəqib tapıb. Apasport.az saytının məlumatına görə, yığmamız həmin günü Almaniyanın “FC Union Berlin” klubu ilə qarşılaşacaq.

Noyabrın 11-də Tiranada Albaniya və Azərbaycan arasında yoldaşlıq oyunu təşkil olunacaq. Komandamız bu oyundan sonra Berlinə yollanacaq. Yoxlama xarakterli bu oyunda iştirak etmək üçün yığmanın baş məşqçisi Berti Foqts tərəfindən təkcə millidə mütəmadi olaraq çıxış edən futbolçulara yox, eyni zamanda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına cəlb olunan gənc və yaxın zamanlarda əsas millidə oynamaq perspektivi olan oyunçulara da dəvət göndəriləcək.

Məqsəd gənc futbolçuların millidə təcrübə toplaması, növbəti seçmə mərhələlərdə çıxış etmək ehtimalı yüksək olan oyunçuların sınaqdan keçirilməsi, həmçinin millinin ab-havasını hiss etmələrinə şərait yaradılmasıdır.